Premyer Liqanın bombardiri: "Qurban Qurbanovun xarakterinə bələdik, heç bir komandaya zəif rəqib kimi yanaşmır"

15:48 - 18 İyul 2024

"Qarabağ"dan gözləntilər həmişəki kimi yüksəkdir. Demək olar ki, onlar heyəti qoruyub-saxladılar. “Qarabağ”dan hamının gözləntisi həmişə yüksəkdir. Çünki avrokuboklarda “Qarabağ”ı hamı tanıyır, hörmət edir, onlardan çəkinirlər. Bu komandanın çox təcrübəli baş məşqçisi var. Ən pis halda isə Avropa Liqasının qrup mərhələsində oynayacaqlar. Hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlarına da çox inanıram".

Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı futbol veteranı Paşa Əliyev deyib.

2000/2001 mövsümdə Azərbaycan Premyer Liqasının bombardiri olmuş “Qarabağ”ın sabiq hücumçusu Ağdam klubunun hazırkı durumunu şərh edib. Əliyev, Ağdam təmsilçisinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları “Linkoln”la görüşdən gözləntilərini açıqlayıb:

“Qurban Qurbanovun xarakterinə bələdik. O, heç bir komandaya zəif rəqib kimi yanaşmır. Nəzərə almaq lazımdır ki, orada iştirak edən bütün komandalar öz ölkəsinin çempionudur.
Müasir futbol da onu göstərir ki, futbolda zəif rəqib yoxdur. Kağız üzərində “Qarabağ” favoritdir. Şəxsən mən “Qarabağ”ın “Linkoln”la görüşdə qalib gələcəyinə inanıram”.

Sonda isə o, “Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesi geri qaytara bilməməsinə münasibət bildirib: “Kadi “Qarabağ”da böyük işlər görüb. Çox köməyi dəyib. Ancaq indi qayıtsaydı, effekt verib-verməyəcəyi haqda bir söz deyə bilmərəm. Yəqin ki, “Qarabağ” Kadinin qayıtmağında çox da maraqlı olmadı. Maraqlı olsaydı, gətirərdilər. Prinsip məsələsinə gəlincə, bu komandanın daxilində olan söhbətlərdir. Transferin nəyə görə alınmadığını dəqiq deyə bilmərik”.

Xəbər xətti