"Liqanın asan olmayacağını gördük, çempionluğu asanlıqla qazanmaq mümkün deyil"

19:22 - 20 Sentyabr 2024

"Qəbələ"nin müdafiəçisi Elvin Yunuszadə Sportal.az saytına açıqlama verib. Bölgə klubunun aparıcı futbolçusu ilk iki tura dörd xal qazanan komandasının performansını dəyərləndirib:  

"İlk turda "Zaqatala" ilə qarşılaşdıq. Birinci oyunlar həmişə çətin olur. Pis oynamamışdıq, sadəcə qələbə qazanmaq alınmadı. Bizim üçün yaxşı oldu ki, hər birimiz çempionatın asan olmayacağını gördük. Birinci Liqanın da öz çətinliyi var. İlk oyun bizə siqnal idi ki, heç bir matç asan olmayacaq. İkinci görüşdə isə "Qaradağ Lökbatan"a qalib gəldik. İki oyundan sonra 4 xal qazanmışıq".

"Qəbələ" bu mövsüm Birinci Liqanın əsas favoriti hesab edilir. Yunuszadə isə işlərinin asan olmayacağı haqda fikirləşir:

"Oyunlar asan keçmir, çətin də olacaq. Hər bir rəqib bizə qarşı daha fərqli motivasiyada hazırlaşır, qapanaraq oynayır. Bu da oyunumuzu daha da çətinləşdirir. Bizim fikrimiz və niyyətimiz çempionluqdur. Bunun üçün də əlimizdən gələnin artığını edəcəyik. Ancaq heç bir çempionluğu asanlıqla qazanmaq mümkün deyil. Komandada hər şey qarşıdadır. Tək favoritin "Qəbələ"nin olduğunu deməzdim. Digər komandalar da var ki, həm heyət, həm də oyun baxımından bu dəqiqə yaxşı vəziyyətdədirlər və çempionluq üçün də mübarizə aparacaqlar”.

Təcrübəli futbolçu sonda bu mövsüm Azərbaycan kubokunda iddialarının olduğunu da söyləyib: “Kubok haqda düşünmək üçün tezdir. Hələ kubok oyunları başlasın. Niyə də yox? Heyətimiz də pis deyil. Bu turnirdə də layiqincə oynamaq üçün gücümüz var. Yaşayarıq, görərik”.

Xəbər xətti