"Milli ikinci olanda faciə sayılırdı, Santuş isə D liqasını adi hal kimi qəbul etdirmək istəyir" - MÜSAHİBƏ

14:17 - 16 Oktyabr 2024

Azərbaycanlı futbol məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Millətlər Liqasında Slovakiyaya uduzdu. Bu görüşdə millinin çıxışını necə dəyərləndirirsən?

- İlk olaraq onu demək istəyirəm ki, Slovakiya ilə oyunda qələbəyə elə də çox inam yox idi. Real baxsaq, Estoniyadakı məğlubiyyətdən  sonra  millimizin toparlanaraq güclü Slovakiya millisinə qarşı qalib gələcəyinə inam az idi. Nəzərə alsaq ki, üç gündən bir oynamaq bizim komanda üçün  elə də asan deyil. Amma ilk 20 dəqiqəni və Mahir Emrelinin qırmızı vərəqəsindən sonrakı vaxtı nəzərə almasaq, millimiz qalan aralıqda elə də pis  təsir bağışlamadı. Çünki buraxılan birinci qoldan sonra komanda daha çox hücumlar etməyə başladı. Nəticə olaraq da, Slovakiya millisinin qapısı qarşısında ard-arda təhlükəli epizodlar əldə etməyə başladı. Qeyd  etdiyim kimi, əldə  etdiyimiz imkanların heç olmasa 50 faizini reallaşdıra bilsək,  bu dərəcədə komanda bu qədər tənqid olmazdı.

- Mahir Emrelinin qırmızı vərəqə alaraq meydandan qovulması məğlubiyyətimizə çox təsir etdi?

- Mahiri "Bakı" akademiyasından tanıyıram və onu deyə bilərəm ki, o, həmişə məqsədə çatmaq istəyi  ilə məğlubiyyəti həzm edə bilməməsi ilə digər  komanda  yoldaşlarından fərqlənirdi. Bu oyunda da Mahir meydanın bu hissəsində lazımsız yerə sərt oynaması epizodu düzgün dəyərləndirə  bilməməsindən irəli gəlir. Bu cür oyunlarda ani düzgün verilməyən qərar ağır nəticələrə gətirib çıxarır ki, bu oyunda da şahidi olduq. Mahir Emrelinin ikinci sarıdan qırmızı vərəqə alaraq komandanı azlıqda qoyması deyərdim ki, oyunda məcburi oyun planının dəyişilməsinə səbəb oldu.

- Fernandu Santuş haqda fikrin necədir?

- Azərbaycanlı məşqçilər vaxt istəyəndə bəhanə kimi həmişə qələmə alınır. Nədənsə hamı fikirləşir ki, azərbaycanlı məşqçilər gələn kimi nəticə  qazanmalıdır. Amma həmişə də yerli məşqçilərin nəticələri Azərbaycanda bütün legioner məşqçilərdən yaxşı olub. Reallıqlarla  barışmaq  istəməyənlər isə həmişə əksini sübut etmək istəyirlər. İstər yerli, istərsə də legioner məşqçilərə vaxt verilməsi vacibdir. Fernandu Santuş haqlı  olaraq vaxt istəyir. Çünki mili komanda ən yaxşı halda oyundan 5 gün əvvəl toplanır və həmin dövr ərzində daha çox bərpa məşqləri keçirilir. Bu da komandanı taktiki cəhətdən hazırlanması üçün yetərli deyil. O ki, qaldı nəsə edib və ya etməyəcəyinə, bunu zaman göstərəcək. Adam dünyanın ən yaxşı futbolçuları ilə  işləyib və bu gün gəlib Azərbaycan çapında futbolçularla birdən-birə nəsə etmək ona ağır gəlir.

- Vaxt lazım gəlsə də, bu zamanda məğlubiyyətlər millimizi D qrupuna aparıbı çıxara bilər. Bu haqda fikriniz necədir? Fernandu Santuş bu nəticələri biabırçılıq adlandırmır...

- Əvvəlki mərhələ oyunlarında yığılan xallara baxsaq, təbii ki, biabırçılıqdı. Hətta komanda ikinci olanda hamılıqla bu nəticənin faciə olduğunu  bildirdi. Amma bu gün D liqasını Fernandu Santuş bizə adi hal kimi qəbul etdirmək istəyir. Amma düşünürəm ki, Estoniya ilə evdəki oyunda üç top  fərqi ilə qələbə bizi D liqasına düşməkdən xilas edə bilər.

- Estoniya ilə görüşdən savayı millimizi İsveçlə matç gözləyir. Həmin oyunda necə, qələbə qazanmağımız mümkündür?

- Son iki oyundan 4 xal qazanmaq şansımız var. Amma futbolçular daxilən buna hazır olmalıdırlar. Başqa şansımız çox azdır. Xalları qazanan  futbolçulardır, meydanda olacaqları qərar verən də futbolçulardır. Məşqçinin meydana müdaxiləsi ancaq oyunun gedişatında olur ki, bəzən  də  gecikmiş qərarlar olur.

- Maraqlı məqamlardan biri də odur ki, Fernandu Santuş Emin Mahmudovdan kapitanlıq sarğısını alaraq onu Abbas Hüseynova verdi. Slovakiya ilə görüşdə isə komandanı meydana kapitan kimi Bədavi Hüseynov çıxarmışdı. Santuş kapitan məsələsi ilə bağlı nə etmək istəyir?

- Birinci oyuna qayıdaq. Emin Mahmudov kapitan kimi komandanı İsveçlə oyuna çıxarmışdı. Oyunda baş verənləri hamımız gördük. Fernandu Santuş mətbuat konfransında özü də bildirdi  ki, məşqçi tapşırığı qeyri-şərtsiz həyata keçirilməlidir. Əla, bunu başa düşdük. Amma məsələyə başqa tərəfdən baxaq. Ramil Şeydayev qol vursaydı, Santuş yenə eyni qərarı verəcəkdi? Məsələ budur. Səhv etmirəmsə, Avropa çempionatında Portuqaliya millisində bu cür problem olmuşdu. Orada kapitanlıq uğrunda, yox liderlik uğrunda mübahisə olmuşdu və Santuş Ranaldonu üstün  tutaraq digər oyunçunu əsas heyətdən kənarda qoymuşdu. Söhv etmirəmsə, Rikardo Kuarejma idi.

Mirbağırağa

Xəbər xətti