"Tuzlaspor"u "Baku Sportinq"ə dəyişən forvard: "Qarabağ"la qarşılaşmaq istəyirik" - MÜSAHİBƏ

15:23 - 27 Oktyabr 2024

Azərbaycan Birinci Liqasında yarışan "Baku Sportinq" klubunun forvardı Şahin Balicani Sportal.az saytına müsahibə verib.

Ölkəmizdə indiyə qədər bir çox klubların formasını geyinmiş forvard birinci liqadakı performansından, Premyer Liqada oynamaq istəyindən danışıb.

- Birinci Liqanın 6-cı turunda "Qaradağ Lökbatan"la görüşdə 3:2 qalib gəldiniz. Məğlub durumda olsanız da, "come back" edərək üç xal qazandınız. Görüş sizin üçün necə alındı?

"Qaradağ Lökbatan" da yaxşı komandadır. Amma biz də üç oyun idi uduzurduq. Bu matçdan üç xal götürməliydik. Birinci hissəyə yaxşı başladıq, qolu da vurduq. İkinci hissədə oyun yaxşı getmədi və iki qol buraxdıq. Amma biz yaxşı komandayıq və mehriban kollektivik. Toparlandıq və iki qol vuraraq qələbə qazandıq. Qismət belə oldu ki, üç xal qazandıq. Həmin qələbə bizə çox lazım idi. "Come back"lə qazandığımız qələbəyə görə də baş məşqçimizi, rəhbərliyi, futbolçuları, hamını təbrik edirəm. Çox yaxşı "come back" idi. Çalışacağıq ki, davamını gətirək.

- Komandanın qarşısına qoyulan məqsəd nədən ibarətdir?

- "Baku Sportinq" birinci liqaya yeni gəlmiş komandadır. Təbii ki, təcrübə toplamalıdır. Uğurlu çıxışımıza davam etmək istəyirik. Məqsədimiz yuxarı pillələrdə qərarlaşmaqdır. 

- Dörd gündən sonra ölkə kubokunun ikinci təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaqsız. Bu səddi keçsəniz, növbəti turda rəqib "Qarabağ"dır. Yəqin ki, həmin mərhələdə rəqibin "Qarabağ" olması sizə böyük motivasiya verir?

- "Qəbələ" ilə çempionat oyununda qarşılaşmışıq. Bakıdakı görüşdə onlara qarşı yaxşı oyun göstərmişdik. Hesab da 0:0 gedirdi. Sadəcə meydanda azlıqda qaldıq. Ardınca növbəti qırmızı vərəqə aldıq. Vəziyyət çətinləşdi. Amma bu cür rəqibə qarşı bir hissə yaxşı oynamışdıq. Həmin görüş artıq geridə qalıb və bizi qarşıda kubok görüşü gözləyir. Məncə, "Qəbələ" ilə oyunda qalib gələ bilərik. Ondan sonra isə Azərbaycanın ən güclü komandasına qarşı oynayacağıq. "Qarabağ" Avropada da öz gücünü göstərir. Təbii ki, "Qəbələ"ni keçərək "Qarabağ"la qarşılaşmaq istəyirik. Bu cür komanda ilə görüşə meydana böyük motivasiya ilə çıxacaq. Necə alınacağını görəcəyik. İndi bütün diqqətimizi "Qəbələ" ilə oyuna yönəltmişik.

- Ötən mövsümü Türkiyə birinci liqasında yarışan "Tuzlaspor"da keçirmişdin. Necə alındı, oradan Azərbaycanın birinci liqa klubuna keçdin?

Məqsədim Bakıya gəlmək idi. Təkliflərim oldu. Azərbaycanı, Bakını çox sevirəm. Buranı öz ölkəm bilirəm, ata yurdumdur. Elmar Sultanovla gənc vaxtlarında işləmişdim, baş məşqçim olmuşdu. Azərbaycanın başqa klublarından təkliflərim var idi. Premyer Liqa komandalarından məni istəyən var idi. Digərləri isə aşağı liqadan idi. Düşündüm ki, Elman Sultanovla işləmişəm və yenidən onun komandasında olmaq yaxşıdır.

- Həmin komandada Bəxtiyar Həsənalızadə ilə komanda yoldaşı idin. Hazırda Həsənalızadə "Araz-Naxçıvan"da çıxış edir. Onunla danışırsan?

Bəli, toplanışlar zamanı onunla eyni otaqda qalırdıq. İndi də əlaqəm var. Bəxtiyar çox gözəl insandır. Əla da futbolçudur. Bu cür dostlarla həmişə fəxr edirəm. Onunla danışırıq, görüşürük. 

- Maraqlıdır, qış "transfer pəncərəsi" zamanı Premyer Liqa klublarından birinə keçmək ehtimalın yarana bilər?

Bu suala cavab verməyim. Hər şeyi zamana buraxaq. 

- Uzun illərdir ki, Azərbaycana gəlib-gedirsən. Heç Premyer Liqa klublarından təklif olub sənə və ya yığma komandalarımızda oynamaq variantı?

2014-cü ildə çox danışıqlar var idi. Amma Azərbaycanda qalmadım. Malayziya, İndoneziya klublarında oynadım. Ümid edirəm ki, bundan sonra yaxşı olar. 

Mirbağırağa

Xəbər xətti