"İstəməzdim ki, 1/8 finalda "Qarabağ"la qarşılaşaq, ancaq təslim olmaq fikrində deyilik" - MÜSAHİBƏ

10:17 - 1 Noyabr 2024

"Qəbələ"nin hücumçusu Ruslan Voronsov Sportal.az saytına müsahibə verib. Bu yay bölgə klubuna keçmiş təcrübəli forvard komandasının ölkə kubokunun ikinci təsnifat mərhələsinin "Baku Sportinq"lə görüşü haqda da danışıb. 

- "Qəbələ" ölkə kubokunun ikinci təsnifat mərhələsində "Baku Sportinq"i 4:0 hesabı ilə məğlub edə bildi. Görüş sizin üçün necə alındı? Belə asan olacağını ehtimal edirdin?

Şükür Allaha, qələbə qazanaraq mərhələni adladıq. Ancaq asan görüş olmadı. Hesabın 4:0 bitməsinə baxmayaraq, görüş çətin idi. Şadam ki, qələbə qazanaraq mərhələ adladıq. Yaxşı hazırlaşmışdıq və oyunboyu da yaxşı nəticə apardıq. Sonda da qələbəmizi qazandıq.

- "Qəbələ"nin ölkə kubokunda 1/8 finaldakı rəqibi artıq bəllidir, "Qarabağ"la qarşılaşacaqsınız. Rəqib baxımından bəxtinizin gətirmədiyini düşünürsən?

Düzdür, istəməzdim ki, 1/8 finalda "Qarabağ"la qarşılaşaq. Çünki bu komandanın hansı gücdə olduğunu yaxşı dərk edirik. Amma nə etmək olar? Püşk belə gətirdi.

- Səncə, "Qarabağ"la oyunlarda "Qəbələ"nin şansı nə qədərdir? Hazırkı "Qarabağ"ı keçmək mümkündür?

"Qarabağ" Azərbaycanın son illərdə hegemon klubudur. Hər il avrokuboklarda oynayırlar. Təbii ki, cütün aşkar favoriti onlardır. Lakin biz də təslim olmaq fikrində deyilik. Sona qədər mübarizəmizi aparacağıq.

- Birinci Liqada işləriniz necə gedir? Lider "Karvan"dır, "Qəbələ" ikinci pillədədir. Səncə, onlara çatmaq və ya onları keçmək realdır?

Məqsədimiz yalnız çempionluqdur. İnanıram ki, bunu reallaşdıracağıq. Hansı komandanın birinci pillədə qərarlaşmasının fərqi yoxdur. Hamısı güclü rəqiblərdir. Allah qoysa, sezonun sonunda sevinən tərəf biz olarıq.

- Uzun illərdir ki, aşağı liqalarda top qovursan, hər oynadığın klubda qol vurmaq bacarığını göstərirsən. "Qəbələ" sənin üçün Premyer Liqaya qədər gedib çıxmaq üçün yaxşı şansdır? Necə düşünürsən, Premyer Liqaya yüksəldikdən sonra səni saxlayacaqlar?

Allah qoysa klub yenidən Premyer Liqaya qayıdar. Ondan sonra rəhbərlik qərar verəcək ki, məni komandada saxlasınlar, ya saxlamasınlar. Düzdür, özümü göstərib, komandaya xeyir verməyim üçün yaxşı şansdır. Qollarımı vuraraq "Qəbələ"nin yülsək liqaya qayıtmasında pay sahibi olmaq niyyətindəyəm. Qalanı isə gələn sezonun işidir. Rəhbərlik və baş məşqçinin verəcəyi qərarlardır.

Mirbağırağa

Xəbər xətti