Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Milan"da çıxış edən Samuel Çukvuezeni heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Beşiktaş" nigeriyalı vingeri icarəyə götürmək niyyətindədir.
"Milan"da az oynayan Samuel Çukvueze özü də "qara qartallar"ın formasını geyinməyə isti yanaşır. Nigeriyalı ön xətt oyunçusu "Qalatasaray"da çıxış edən həmyerlisi Viktor Osimhendən Türkiyə və İstanbul haqda məlumatlar toplayıb. O, yanvar ayında "Beşiktaş"a icarə əsasında qoşulmaq istəyir.
Qeyd edək ki, "Milan" Samuel Çukvuezeni ötən ilin yayında "Vilyarreal"dan 21 milyon avroya transfer edib. Nigeriya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına kimidir.
saytlarin hazirlanmasi