Azərbaycanın U-21 yığma komandasında kapitanlıq sarğısı daşımış Cəlal Hüseynov hazırda Bolqarıstanın "Arda" klubunda forma geyinir. Onun yenidən Azərbaycanda oynayacağı gözlənilir. Futbolçunun meneceri, "Arda"ya keçidində əsas rol oynayan Fuad Xəlilov Sportal.az saytına danışıb.
O, Hüseynovun Avropadakı karyerasını şərh edib və Azərbaycan Premyer Liqasında oynamaq ehtimalı barədə danışıb:
"Təbii ki, Cəlalın "Arda"dakı oyun praktikası məni qane etmir. Bəzi məsələlər var. Onlar keçmiş kapitanını "Ximki"dən geri qaytardılar və Cəlalı da oynatmamaq qərara aldılar. Bu haqda onlardan soruşdum. Dedilər ki, həmin futbolçu bolqardır. Düzü, belə ifadələr də mənə xoş deyil. Amma hazırda bununla razılaşmaq məcburiyyətindəyik. Çünki hələlik ilyarımlıq müqaviləsi var. Cəlal da peşəkarcasına məşqlərinə davam edir. Qışda necə olacağını görəcəyik. Bəli, Cəlalın Azərbaycan Premyer Liqasından bir neçə təklifləri var. Onları dəyərləndirirəm. Onu elə kluba gətirmək istəyirəm ki, oynayacağından əmin olum. Çünki Cəlal hələ cavan futbolçudur, oynamalıdır və oynayacaq. Bu günə qədər şükür Allaha Cəlal üçün düzgün qərarlar vermişəm. Bundan sonra da elə olacaq. Yanvardan Cəlal Azərbaycana qayıdacaq. Amma icarə əsasında. Çünki onun "Arda" ilə ilyarımlıq müqaviləsi var".
Xəlilov, Cəlalın "Qarabağ" və "Sabah" kimi iddialı klublarda oynamaq şanslarını da dəyərləndirib:
"Sözün açığı, mən də istəyərdim ki, Cəlal "Sabah"da, "Qarabağ"da və yaxud da "Neftçi"də oynasın. Sadəcə bu klublarda həmin mövqelərdə çoxluğu legionerlər təşkil edir. Cəlal da özünü hələ sübut etməlidir. O, cavandır. Əminəm ki, Cəlal Azərbaycana gəlib və qarşıdakı altı ayda özünü sübut edəcək gücdədir. Ondan sonra bəlkə də, vurğuladığımız klublardan birinə də keçidi baş tutacaq".
Mirbağırağa