"Qarabağ"ın sabiq müdafiəçisi Azər Məmmədov Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun avrokuboklardakı performansını dəyərləndirib.
- "Qarabağ"ın "Elfsborq"la görüşdə uğursuz nəticəsini nə ilə əlaqələndirirsən? Bu cür nəticə olacağını ehtimal edirdin?
- Gözləmirdim ki, "Qarabağ" "Elfsborq"a uduzsun. Oyun da göstərdi ki, uduzulası matç deyildi. Ədalətli nəticə heç-heçə idi. Düşünürdük ki, "Qarabağ" "Elfsborq"la matçda daha asan qələbə qazanar. İsveç klubu 5-4-1 sxemi ilə oynayırdı. Meydana da top buraxmamağa çıxmışdılar. Əks-hücumlarda və standart vəziyyətlərdə nəsə etməyə çalışırdılar. Bunu da etdilər.
- "Qarabağ" "Elfsborq"la görüşdə topa sahib olsa da, rəqib qapısı qarşısında təhlükəli qol epizodu çox da yarada bilmədi. Səncə, əsas problem nə idi?
-Düzdür, "Qarabağ" topa sahib olmaqda üstün idi. Birinci hissədə top faizi 27/73-ə idi. "Qarabağ" birinci hissədə üstün idi. Juninyonun qol epizodu oldu. "Qarabağ"ın əvvəlki oyunlardakı qədər qol epizodları çox deyildi. "Elfsborq" "Qarabağ"ı daha yaxşı analiz etmişdi. Əsasən də, Juninyonu, Abdullah Zubir və Aleksey Kaşuku. Rəqibin müdafiədə kompakt oynaması da "Qarabağ" üçün çətinlik yaratdı. "Elfsborq" "Qarabağ"ı daha yaxşı və çox yaxşı analiz etmişdi.
- Halbuki "Elfsborq" uzun müddət idi ki, rəsmi matçlara çıxmırdı. Amma bu məqam da "Qarabağ"a kömək olmadı..
- Səhv etmirəmsə, İsveç çempionatı bir ay idi ki, bitmişdi. Amma bir ay "Elfsborq"a təsir edəcək vaxt deyildi. Çünki onsuz da iki həftədən bir avrokuboklarda oynayırlar. Yoldaşlıq matçları keçdilər. İsveç çempionatının bitməsi "Qarabağ"a üstünlük qazandırmırdı. Hər iki komanda üçün adi oyunlardan idi. Bizdə liqa davam edir. Amma çempionatın sonudur. "Qarabağ"dakı futbolçuların daha çox istirahətə ehtiyacı var. "Elfsborq"dan daha çox.
- Abdullah Zubir, Yassin Benzia, Juninyonun ötən mövsümkü effekti verə bilməməsinin səbəbi nədədir?Rəqiblər artıq onları zərərsizləşdirməyi bacarır?
- Bəli, əvvəlki performanslarından geri qalırlar. Amma buna rəqibin də təsiri var. Boş dayanmırlar, analiz edirlər. Rəqiblər də bilir ki, "Qarabağ"ın çox önəmli futbolçuları hücumdadır. Yaxşı analizlər edirlər. Ona görə də istər-istəməz rəqib bu futbolçulara qarşı düzgün müdafiə olunurlar. Görünür ki, "Qarabağ"ın hücumdakı hər üç futbolçusu əvvəlki performansından geri qalırlar.
- "Qarabağ" Avropa Liqasında iki oyunu qalıb. Biri FKSB, digəri isə "Olimpiakos"a qarşıdır. Azərbaycan çempionunun şanslarını necə dəyərləndirirsən?
- "Qarabağ" üçün çətin olacaq. Çünki həm FKSB, həm də "Olimpiakos" çox güclü komandalardır. "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanması çətin görünür. Çünki qalan bu iki rəqib daha güclüdür. İstənilən halda, şans var. Futbolda hər şey olur. Evdə FKSB klubunu uda bilsək, "Olimpiakos"la son oyun qalır. Bir dəfə onları səfərdə məğlub etmişik. Yenə də məğlub etmək mümkündür. FKSB ilə evdəki oyundan çox şey asılıdır. Əgər Rumıniya klubuna qalib gəlsək, kollektiv Yunanıstana başqa əhval-ruhiyyə ilə gedəcək. Orada da qalib gələ bilərik. İki oyunda iki qələbəyə ehtiyac var ki, pley-off mərhələsinə düşək. Ümidimiz var. "Qarabağ"a inanırıq. Onlar bizim yeganə komandamızdır ki, futbola olan həvəsimizi hələ qışa qədər saxlayır. Gələn il də oyun olacaq. "Qarabağ"a uğurlar arzulayıram. Ümid edirəm hər şey onlar üçün yaxşı alınacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi