Rəşad Sadıqov: "Səbail"lə oyun bizim üçün çempionatın ən vacib oyunu olacaq"

18:49 - 15 Dekabr 2024

"Olduqca gərgin və hər iki komanda üçün ağır oyun keçdi. Həftəboyu bu tip oyun olacağına hazırlaşırdıq. Bilirdik ki, rəqib pressinq edib, ikinci toplarda aktiv olan, meydanboyu mübarizə aparan komandadır. Bu komponentlərdə çox yaxşı idik, çox yaxşı mübarizə aparırdıq, intizamlıydıq. Rəqibə qol epizodu vermədik. Bilirdik ki, rəqibin heyətində təhlükəli oyunçular var və bir çox oyunlarda qol epizodları yaradıblar. Hücum xəttində daha effektiv oynayıb, nəticəni öz xeyrimizə çevirə bilərdik. Ona da "Turan Tovuz"un kompakt oyunu, müdafiə xəttinin inamlı oyunu imkan vermədi. Bir neçə təhlükəli qol epizodumuz oldu. Ona da qolkiperləri imkan vermədi. Hesab da bərabərə bitdi. Bizi növbəti həftə finala bərabər oyun gözləyir. Avrokuboklara namizəd rəqiblər bir-biri ilə oynayır. Bİz də "ölüm-dirim" mübarizəsi aparan "Səbail"lə qarşılaşacağıq. Özü də səfərdə. "Səbail"lə oyun bizim üçün çempionatın bəlkə də ən vacib oyunu olacaq".

Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turunun “Turan Tovuz”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.O, jurnalistlərin suallarını da cavablandırıb.

- "Səbail"lə oyunun çətin keçməsi nə ilə əlaqədardır?

Futbolçular özləri də vəziyyəti başa düşür. Üç xalın bizim üçün nə qədər önəmli olduğunu anlayırlar. Ümid edirəm ki, maksimum konsentrasiya ilə oyuna hazırlaşacaqlar. Futboldur. Ola bilər ki, nəticə ürəkaçan, istədiyimiz olmasın. Ən azından oyuna yanaşmamız, meydandakı mübarizəmiz yüksək səviyyədə olmalıdır.

- Bəyəndiyiniz və komandada görmək istədiyiniz oyunçu var ki, qışda ona dəvət göndərərsiz?

Daxili çempionatda hər bir komandada yaxşı futbolçu var ki, heyətində görmək istəyərsən. Bəzi mövqeləri gücləndirmək və rəqabəti artırmaq istəyərik. Bütün məşqçilər bunu istəyər. Xaricdə baxdığımız hansısa futbolçu yoxdur. Qış dönəmimdə hələ ki, planımızda transfer yoxdur.

Mirbağırağa

Xəbər xətti