Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsində ilin məşqçisi seçilən Qurban Qurbanova mükafat təqdim olunub.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis tədbirdən sonra ona ünvanlanan sualları cavablandırıb:
- "Qarabağ"ın bu mövsüm Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?
- Yanvar ayından götürsək, çox yaxşı başlamışdıq. Hamıya böyük inam verdik. Bununla sanki Avropa komandalarının bizə daha ciddi yanaşmalarına şarait yaratdıq. Bəxtsizlik ifadəsini o qədər də işlətmirəm. Məğlubiyyətlərə işimizin bir hissəsi kimi baxıram. Futbolda belə hallar çox olub. Bir çox komandaları görürük ki, yaxşı oynayırlar, amma məğlub olurlar. İşimi səhvlərimizə, daha diqqətli olmalı olduğumuz məqamlara yönəldəcəm.
- Artıq 14-cü dəfədir ilin məşqçisi mükafatını qazanırsız. Bəlkə mükafatın adını "Qurban Qurbanov mükafatı" qoyaq?
Bilmirəm. 15-ci dəfə qazanmaq lazımdır. Belə təkliflərə mənim fikir bildirməyim düzgün olmaz. Amma düzünü desəm, mənim üçün də maraqlı oldu. 15 bəs edər, bilmirəm. Daha çoxunu etmək barədə gələcəkdə düşünmək olar.
- Avropa ölkələrindən geridə qalmağımızı necə aradan qaldırmaq olar?
- Bunu geniş müzakirə etmək lazımdır. Burada o qədər detallar var ki. Vacib şeylər var ki, onları yaxşılaşdırmaq üçün gecikməmək vacibdir. Qısa olaraq bildirərəm ki, bu, həm meydançalardır, həm çempionatın səviyyəsidir, həm klubların ümumi strukturudur. Futbolçular üçün ən vacib şey şəraitdir. Onlar hansı meydançada məşq edir, hansı qidalarla qidalanır. Xırda elementlər var ki, görünməyən tərəflərdir. Bunları mütləq yaxşılaşdırmaq lazımdır.
- İctimaiyyət arasında belə fikir var ki, "Qarabağ"ın bəzi futbolçuları artıq qələbəyə doyublar. Düşünmürsüz ki, komandanın yenilənməyə ehtiyacı var?
- Futbol təcrübəsində belə bir fikir var. Buna uğurdan doymaq deməzdim. Sadəcə uzun illərin yorğunluğudur. Bu gün hansımızdan soruşsaz, hamımız uğur əldə etmək istəyirik. Bəzən psixoloji amillər insana mane olur. Yenilənməyə gəldikdə, özünüz də görürsüz ki, biz get-gedə komandaya yeni oyunçular cəlb etməyə can atırıq. Biz buna başlamışıq, komandada yeni futbolçular var. Onların uyğunlaşma prosesi gedir. Yaşlı futbolçulara gəldikdə, mən onları həmişə digər oyunçulara nümunə göstərmişəm. Bizdə Ansi Aqolli var idi, neçə il komandada qaldı. Bütün ili eyni səviyyədə keçirirdi. Onu bir dəfə istəksiz, kefsiz məşqə çıxan görməmişəm. Belə oyunçulardan biri Abdullah Zubirdir. 6 ildir komandamızdadır. Elə məşq olmayıb ki, intizamsız addım atsın, aşağı dinamikada məşq etsin. Ona görə də o "Qarabağ"ın əvəzolunmaz futbolçusuna çevrilib. Həmişə Riçard Almeydanı misal gətirmişəm. Yaşlı futbolçular həmişə komanda yoldaşlarına motivasiya verir bəzən başqa futbolçular onlara baxıb utanırlar. Bu gün futbolçuların hamısını dəyişmək yanlış addım olar. Hansısa oyunda öz idman formalarından uzaq ola bilərlər. Bu futbolçular əvvəlki illərdə həmişə böyük klublara qarşı çox bacarıqlı, cəsarətli oyunlar göstəriblər. İlboyu 3-4 gündən-bir oyun keçirmək heç də asan deyil. İnsanın il ərzində daim eyni səviyyədə olması qeyri-mümkündür. Təkcə öz çempionatımızda iştirak etsəydik, çox asan olardı. "Sabah"la son matçımızla "Elfsborq"la oyun arasında topun oyunda qalma müddətində 12 dəqiqə fərq olub. Hər oyunun bu səviyyədə keçməsi futbolçunun zədələnməsinə, yorğunluğa gətirib çıxarır, bərpa prosesini ləngidir. Yorğunluq mütləq olacaq. Gizlətmirəm, mənim özümdə də olur. Bəzən komandanı tam istədiyim kimi oyuna motivasiya edə bilmirəm. Məni həmişə təmkinli görmüsüz. Elə olur ki, bəzən mən də səbrimi içimdə saxlaya bilmirəm. Bunlar hamısı yorğunluqdan irəli gələn şeylərdi. Böyümək üçün mütləq bunlara alışmalıyıq. Çünki işimizin bir hissədidir. Hər il böyük uğur əldə edə bilmərik. "Mançester Siti" niyə hər il Çempionlar Liqasını qazana bilmir? O gücdə deyil? Əlbəttə o gücdədir. Futbol elə səviyyəyə çatıb ki, komandanın öz idman formasından uşaqlaşdığı anlar olur. İngiltərə Premyer Liqası ən güclü çempionatdır. Amma görürsən ki, klubları hər il Avropada eyni səviyyəni saxlaya bilmirlər. Azarkeşlər futboldan küsməsinlər. Biz onların inamını həmişə qoruyub-saxlamalıyıq. Uğursuzluqlar həmişə olacaq, buna hazır olmaq lazımdır. Uğursuzluqdan sonra hansı addımı atacağımız daha önəmlidir.
- Qış fasiləsinin müddəti azdır. Bu məqam sizi nə dərəcədə narahat edir?
- Bəli, məni narahat edir. Çünki, bizim kimi ölkələrin bu planda çox böyük problemləri var. Futbolçularım nə qışda, nə də yayda normal istirahət edə bilir. Böyük ölkələrin klublarının maydan sonra istirahət üçün 2 ay vaxtı olur. Amma bizdə belə olmur. İyun ayında klublararası dünya çempionatı olacaq. Futbolda savaş hələ ondan sonra başlayacaq. Hamı narazılıq edəcək. Futbolçu robot deyil. Böyük klublardan həmişə böyük uğurlar tələb olunur.
- İcraiyyə Komitəsinin üzvü kimi milli komandamızın DÇ-2026-nın seçmə mərhələsində düşdüyü qrupu necə şərh edirsiz?
- Dəyərləndirmək mənim üçün hələ tez olar. Ümumən hamısı tanış rəqiblərdir. Oyunlar sentyabrda başlayır, hələ xeyli vaxt var. O vaxta kimi problemlərimizi aradan qaldırmaq üçün vaxtımız olacaq. Oynamağa, daha yaxşı olmağa məcburuq. hansı qrupda olsaq, səviyyə eynidir.
Elçin Əlixan
saytlarin hazirlanmasi