"Araz-Naxçıvan"ın qolkiperi Premyer Liqamızda tarixə düşdü

10:34 - 16 Dekabr 2024

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Azərbaycan çempionatları tarixinə düşüb.

Sportal.az xəbər verir ki, o, İFFHS-in (International Federation of Football History & Statistics) siyahısına düşmək üçün zəruri olan 660 quru dəqiqə səddini geridə qoyub.

Onun Misli Premyer Liqasındakı quru seriyası XVII turda qırılıb. Moldovalı legioner qapısını ümumilikdə 677 dəqiqə toxunulmaz saxlayıb. Oktyabrın 26-da XI turun “Zirə” ilə səfər oyununun 30-cu dəqiqəsində Giorgi Papunaşvilinin vurduğu qoldan sonra Avram ardıcıl 6 görüşü quru keçirib.

O, “Neftçi”, “Zirə”, “Sumqayıt” (hər üçü 1:0), “Kəpəz” (2:0), “Turan Tovuz” (1:0) və “Səbail”lə (1:0) qarşılaşmalarda qol buraxmayıb. XVII turun “Sabah”la görüşünün 78-ci dəqiqəsində fərqlənən Coy-Lens Mikels komandasına 1:0 hesablı qələbə qazandırmaqla Avramın seriyasını qırıb. Bu, ölkə çempionatları tarixində ən azı 660 dəqiqə davam edən 21-ci quru seriyadır. Avram 677 dəqiqəlik seriya ilə siyahıda 20-ci göstəriciyə malikdir.

Xəbər xətti