"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 23-cü turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
- Rəhman Hacıyev, Ramil Şeydayevi məcburiyyətdən meydana buraxdınız, yoxsa həqiqətən inanırdız ki, nəsə edəcəklər?
- Məşqçinin dəyişikləri uğurlu olmaya bilər. Ötən oyun Emil Səfərovla Ramil Şeydayev qol epizodu yaratdı. Bu dəfə alınmadı. Fikirləşdik ki, Filip Ozobiç və Ağadadaş Salyanski ayaqlarına zərbə aldıqları üçün ağrıları var idi. Hücumu gücləndirmək istədik. Bacarmadıq. Effekti görmədik. Futboldur da, bir dəfə tutar, bir dəfə tutmaz. Rəhman da, digərləri də fikirləşməlidilər ki, oyuna belə çıxmaq olmaz. Bacardığını qoymalısan ki, komandaya kömək edəsən.
- Sonuncu dəfə "Qarabağ" üzərindəki qələbəniz "Neftçi"yə çempionluq gətirmişdi. Ola bilər ki, 2021-ci ildə "Qarabağ"ı çox pis əsəbiləşdirmişdiz?
- Çox istəkli idik. Üç qələbədən sonra motivasiya yerində idi. Ajiotaj yaranmışdı. Azarkeşlərimə təşəkkür edirəm. Yaxşı ab-hava yaratmışdıq. Oyuna yaxşı başlamışdıq. "Neftçi" uzun müddətdi "Qarabağ"a qarşı belə oynamamışdı. Səhv oldu. Rəqib 10 nəfərlə qaldıqdan sonra biz də sanki rahatlaşdıq. "Qarabağ"a qarşı etdiyimiz həmişəki səhvi etdik. Əfsuslar olsun ki, azarkeşlərə qələbə qazandıra bilmədik. Önümüzə baxacağıq.
- Bəlkə Rəhmanın əvəzinə Murad Məmmədovu meydana buraxmaq olardı?
- Azarkeş gözü ilə danışılan söhbətlərdir. Onun əvəzinə bu, bunun əvəzinə o... Hücumu gücləndirmək istəyirdik. İndi danışmaq rahatdır ki, kaş bunu edərdik. Hücumu gücləndirmək istəyirdik.
- "Qarabağ" 11 nəfərlə olanda da "Neftçi" daha üstün oynayırdı. Kevin Medinanın qırmızı vərəqə alması sizin də planınızı pozdu?
- Oyuna hazırlaşanda "Qarabağ"ın 11 oyunçusuna qarşı hazırlaşırsan. Rəqibin təzyiqini, əks-hücumlarını nəzərə alırsan. Medinanın qırmızı vərəqəsindən sonra çox şey dəyişdi. Top bizdə idi. Ortada çevik, kreativ oyunçu çatışmazlığı var idi. Əlimizdə olan materiallarla oyunu qurduq. Bəli, Medinanın qırmızı vərəqəsi oyunumuzu pozdu. Rəqibin qırmızı alması xoşdur. Amma əfsuslar ki, belə oldu.
- Derbidə məğlubiyyət gözlənilən idi. Bu məğlubiyyət bundan sonra mərhələyə necə təsir edəcək?
- İnşallah olmaz. Bu oyunun 1-ci hissəsində etdiklərimizin ən yaxşısını önə çıxarıb, ən yaxşısını edəcəyik. Ən pis şeydən ən yaxşısını çıxarsaq, bizim üçün yaxşı olacaq. Komandam son matçlarda pis oynamır. İstəkliyik. Zaman lazımdır ki, düşüncələrimizi meydanda daha rahat edək. Psixoloji baxımdan bizə təzyiq var idi. Sanki digər komandalar uduzmur. Son görüşlər göstərir ki, düzgün yoldayıq. Oyunçular oyuna yaxşı köklənirlər. Davam edəcəyik.
- "Neftçi"nin kubokdakı final şansları? Finalda "Qarabağ"la qarşılaşa bilərsiz...
- Hələ finala çıxaq. Görək "Qarabağ" özü çıxacaq finala... Final bir oyundan ibarətdir. Biz çətin səbətdəyik. Kubokda "qırğın" oyunlar gedəcək.
- Matçdan sonra futbolçular azarkeşlərlə görüşmədi...
- Futbolçularımı da başa düşmək olar. "Neftçi"nin böyüklüyü, əzəməti odur ki, 3 qələbədən sonra stadion doldu. Turnir cədvəlində 6-cı pillədə olsaq da, işlərimiz yaxşı getməsə də, belədir. Bizə olan tələblər ən yüksək yerlərdir. Üç qələbəmiz azarkeşə çox ümid vermişdi. Sənə inanıb gəlirlər, üzülüb gedirlər. Futbolçular da insandır. Paltardəyişmə otağında ağlayan, üzülən oyunçular var. Bəlkə də ən doğrusu azarkeş yanına getməmək idi. Ümidlər qırıldı. Dünya dağılmayıb. Sabah yenə "Qarabağ"la oynayacağıq. Çalışacağıq ki, orada qalib gələk. Futbolçularıma haqq qazandırmıram, başa düşmək olar.
- Komandanızın avrokuboklara vəsiqə qazanmaq potensialı var? Uğursuzluğa düçar olsaz, sizin üçün faciə olacaq?
- 1-2 ay bundan qabaqkı komandadan xəbəriniz var da. "Neftçi" 9-cu pillədə idi. Komandanı avrokuboklara daşımaq istəyirik. Məqsədim futbolçularıma bu istəyi aşılamaqdır. Hər oyuna son oyun kimi çıxsınlar. Bu vaxta qədər komanda ruhsuz, istəksiz oynayırdı deyə, bizi haqlı olaraq günahlandırırdılar. "Neftçi"yə avorkuboklar yaraşır. Amma çox çətin dönəmdəyik. Söz verirəm ki, əlimizdən gələni edəcəyik.
- Emin Mahmudov son matçlarda xüsusi fəallıq göstərir. Kapitan sarğısında dəyişilik ola bilər?
- Xeyr, olmayacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi