Yığmamızın baş məşqçisi: "Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur"

12:18 - 6 Mart 2025

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova martın 12-18-də Bakıda təşkil olunacaq Avropa çempionatının II seçmə mərhələsinin qrup oyunları barədə AFFA.az saytına fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Qurbanova B Liqasının B qrupundakı ilk rəqib Lüksemburq yığmasını yaxşı tanıdıqlarını söyləyib: “İlk oyundakı rəqibimiz Lüksemburq artıq bizə tanışdır. Ötən Avropa çempionatının seçmə mərhələsində onlarla qarşılaşmışdıq. Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.

Baş məşqçi qrupun favoritini də açıqlayıb: “Bolqarıstan yığması qrupun favoritidir. Çünki onlar sonuncu dəfə A Liqasında çıxış edib, Fransa kimi komanda ilə heç-heçəyə nail olublar. Həmçinin Malta da yaxşı rəqibdir. Qrupumuzdakı hər üç matça ciddi hazırlaşmaq lazımdır. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur. Öz azarkeşlərimizin dəstəyi altında doğma meydanda oynamağımızın bizə müsbət təsir göstərəcəyinə inanıram”.

Qeyd edək ki, U-17 millimiz martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta yığması ilə qarşılaşacaq. Hər üç görüş “ASCO Arena”da keçiriləcək.

Xəbər xətti