Avropa çempionatının əsas mərhələsi çərçivəsində 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Azərbaycan millisi Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb. Matçda 2:10 hesabı ilə millimiz məğlubiyyətə uğrayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi İlqar Aslanov məğlubiyyəti azfutzal.az-a belə şərh edib:
"Rəqibimiz güclü komandadır. Həm də kifayət qədər təcrübəlidirlər. Taktiki, texniki və fiziki baxımdan hazırlıqlı idilər. Qrupumuzda 1-ci yer uğrunda mübarizə aparacaq əsas komandalardandır. Oyunumuz da alınmadı, uşaqlar sanki start həyəcanını boğa bilmədilər. Nəticədə hesab erkən açıldı. Kobud səhvlər etdik və onlar da bundan maksimum faydalandılar. Onların ilk saniyədən pressinq edəcəklərini demişdik. Ümumiyyətlə, necə oynayacaqlarını başa salmışdıq. Hətta oyunlarını da izləmişdik. Amma komandam deyiləni edə bilmədi. Bir tərəfdən qınamıram, çünki bu səviyyəli oyunlarda iştirak etməyiblər. Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq. Dediklərimizi bu gün meydanda gördülər. Yəqin ki, bundan nəticə çıxaracaqlar”.
Qeyd edək ki, yığmamız sabah qrup oyunlarına evsahibliyi edən Xorvatiya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi