Klublar Komitəsi fəaliyyətini dayandırıb? - nə yığışan var, nə də yeni sədr seçən...

12:52 - 28 Mart 2025

Artıq yarım ildən çoxdur ki, Klublar Komitəsindən xəbər-ətər yoxdur. Sonuncu dəfə ötən ilin yayında yığışan komitə üzvləri o vaxtdan bəri bir araya gəlməyiblər. Hərçənd, Klublar Komitəsinin əsasnaməsində göstərilib ki, ayda ən azı 1 dəfə görüş keçirilməlidir. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, qurum faktiki olaraq fəaliyyətini dayandırıb. Amma bir məsələ var ki, Klublar Komitəsi AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə yaradıldığı üçün onun ləğvi də məhz müfaviq qurumun qərarı ilə olmalıdır. Lakin hələ ki bununla bağlı ictimaiyyətə konkret bilgi verilməyib. 

Dəqiqləşdirmə aparmaq üçün AFFA-nın sözçüsü Elnur Məmmədliyə müraciət etdik. Onun cavabı belə oldu: 

"Klublar Komitəsi fəaliyyətini dayandırmayıb. Hər hansı məsələlər olarsa, Klublar Komitəsi toplaşıb, bunu müzakirə edə bilər".

Əslində, Klublar Komitəsi hələ ötən ilin sonlarında yığışıb yeni sədr seçməli idi. Son sədr "Sabah"ın prezidenti Maqsud Adıgözəlovun səlahiyyət müddəti bitdiyi üçün yerinə yeni təyinat olmalı idi. Lakin o vaxtdan bəri nə yığışan olub, nə də yeni sədr seçən.

AFFA-nın mətbuat katibi Elnur Məmmədlinin dediklərindən belə başa düşülür ki, klublar istədikləri vaxt yığışıb müzakirələr apara bilərlər. Amma "təşkilatçılıq kim tərəfdən olmalı", "yeni sədr nə vaxt seçilməli", "komitənin fəaliyyəti AFFA tərəfindən koordinasiya edilməlidirmi" suallarına cavab tapmaq mümkün olmadı...

Xəbər xətti