AFFA-da görüş oldu, futbolçuların əsgərlik məsələsi müzakirə edildi - Cahangir Fərəcullayev "Dinamo"nun durumu ilə də maraqlandı

13:13 - 4 May 2025

Uzun illərdir futbolumuzda qalaq-qalaq yığılmış o qədər görülməmiş iş var ki, işə konkret nədən və haradan başlamağın belə müəyyənləşdirilməsi qəliz məsələyə çevrilib. Sadə dildə izah etməli olsaq, federasiyanın yeni rəhbərliyi "hansı daşa əl atırsa, altından böyük bir problem çıxır". 

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin işə böyük həvəslə girişməsi futbol ictimaiyyətində gələcəyə dair ümidlər yaradıb. Ondan gözləntilər böyükdür. Amma o da anlaşılandır ki, adamın əlində "sehrli çubuq" yoxdur ki, bir göz qırpımında bir neçə onillikdə yığılan problemləri həll etsin... 

Lakin Cahangir bəy müəyyən məsələlərlə bağlı əməli fəaliyyətə başlayıb artıq. Bunlardan biri də gənc futbolçuların əsgərlik məsələsidir. AFFA-nın baş katibi bu məqsədlə "Dinamo"nun prezidenti Yaşar Seyidovla görüşüb. Yaşar bəy özü də bunu sportinfo.az saytına açıqlamasında təsdiqləyib. 

"Dinamo"nun prezidenti AFFA-da baş tutan görüşdə gənclərin əsgərlik məsələsində prosesin hansı mərhələdə olması ilə bağlı baş katibə məlumat verib. Yaşar Seyidov Cahangir bəyin diqqətinə çatdırıb ki, "Dinamo" I və II Liqa təmsilçiləri arasında yeganə klubdur ki, uşaq, gənclər və yeniyetmə liqalarında bütün yaş qruplarında komandalara malikdir. Yaşar Seyidov federasiyanın bunu nəzərə almasını və klubun uşaq futboluna dəstək olmasını istəyib. 

Görüşdə "Dinamo"nun bazalaşdığı Abşeron Olimpiya Kompleksindəki şərait barədə də danışılıb. Oradakı meydançanın pis vəziyyətdə olan örtüyünün dəyişdirilməsi, AFFA tərəfindən arenanın müasir standartlara uyğun düzəldilməsi də xahiş olunub. 

Yaşar Seyidov açıqlamasında bu görüşün çox xoş ab-havada keçdiyini qeyd edib.

Xəbər xətti