Gedişatı dəyişə bilməyən Dambrauskas - arzular yenə sabaha qaldı

16:42 - 15 Avqust 2025

Konfrans Liqasında mübarizə aparan "Sabah"ın mərhələ adlayacağına ümid edənlər çox idi. Çünki Bolqarıstan səfərində 0:1 hesablı məğlubiyyətin əvəzini Bakıda "Levski"dən çıxmaq mümkün tapşırıq kimi görünürdü.

Lakin bunun üçün "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas rəqibin müdafiəsini yarmağın yollarını tapmalı idi. Hazırkı "Sabah"ın ən üstün tərəfi sürətli keçidlər, cəld futbolçuların əks-hücumlar zamanı rəqibi azlıqda yaxalamaq bacarığıdı. Dambrauskasın komandası bunu "Levski" ilə səfər oyununda da, ondan əvvəlki matçlarda da nümayiş elətdirmişdi. Vurulan qolların əksəriyyəti də məhz belə hücumlar zamanı gerçəkləşib. 

"Levski" ilə Masazırdakı oyun isə başqa keyfiyyətlər tələb edirdi "Sabah"dan. Ümumi hesabda üstün olan rəqibin daha çox müdafiədən oynayacağını bilən Dambrauskas "Levski"ni mövqe hücumları hesabına "yıxmalı" idi. Təəssüf ki, bunu istənilən formada edə bilmədilər. Arxada dayanıb "Sabah"ın hücumlarını gözləyən rəqibi təəccübləndirmək alınmadı. Cərimə meydançasının həndəvərindən vurulan zərbələr, cinah asmaları və s. effekt vermədi. Gedişatı ikinci hissədə meydana daxil olan Kahim Parris dəyişməyə yaxın idi. Məhz onun fərdi keyfiyyətləri hesabına iki dəfə rəqib müdafiəsində "deşiklər" tapmağı bacardılar. Amma epizodların birində qapıçı yaxşı oynadı, digərində Şafranko əlverişli vəziyyətdən çərçivəyə düşə bilmədi. Hücumdakı yeknəsəqliklə yanaşı, "Sabah" müdafiəsi də üzərinə düşəni lazımınca yerinə yetirməyə nail olmadı. İlk oyundan sonra məlum idi ki, "Levski"nin əsas təhlükə mənbəyi sol cinahdı və Maykon-Kirilov tandemini bağlamaq az qala həyatı əhəmiyyət daşıyırdı. Lakin bacarmadılar. İlk qolu bu ikili etdi - Maykon verdi, Kirilov vurdu...

"Sabah"ın bu avrokubok mövsümü də tez bitdi. Böyük ümidlərlə gətirilən Valdas Dambrauskas yalnız "Petrokub"u mübarizədən kənarlaşdıra bildi. O, nə "Çelye", nə də "Levski" səddini keçməyi bacardı. Qısası, "Sabah"ın Liqa mərhələsi arzuları yenə sabaha qaldı. 

Həmid

Xəbər xətti