"Şəfa"nın prezidenti Sərdar Salmanzadə Sportal.az saytına müsahibə verib.
- Beş oyunda komanda maksimum nəticə qazanmağı bacarıb. Mövsümöncəsi “Şəfa”dan gözləntilər yüksək idi. Özünüz necə, bu cür nəticənin olacağını ehtimal edirdiniz?
- Beş oyunda beş qələbə qazanmaq Allahın qismətidir. Əlbəttə ki, bu cür nəticə qazanacağımızı ehtimal edirdik. Buna görə də, iki güclü heyət yığmışıq. Başda baş məşqçimiz Elgiz Kərəmli olmaqla, futbolçularımıza və hər kəsə təşəkkür edirəm ki, maksimum nəticə əldə etmişik.
- Bu gün komanda I Liqanın iki iddialı komandası qarşılaşacaq. Yəqin ki, “Səbail”lə oyunöncəsi beş tura maksimum xal toplamağınız da önəmli idi? Bu matç çempionluq yolunda nə qədər həlledici ola bilər?
- “Baku Sportinq”lə görüş çox önəmli idi. Çünki rəqib komandanın ev oyunlarını keçirdiyi stadionun ot örtüyü çox pis vəziyyətdədir. “Səbail”lə görüşə gəldikdə, çalışırıq ki, uşaqları bu matça da düzgün kökləyək. Bizə qalibiyyət lazımdır. Hər bir rəqibə eyni gözlə baxırıq. Əlbəttə ki, “Səbail”lə matç mövsümün ən vacib oyunudur. Çünki onlar da iddialıdırlar. Premyer Liqadan müəyyən futbolçuları komandaya cəlb ediblər. Amma biz özümüzə güvənməliyik.
- Futbolçularınızı “Səbail”lə oyuna daha çox motivasiya etmək üçün xüsusi mükafat fondu müəyyən etmisiz?
- Bəli. Bizdə bütün futbolçular yaxşı maaş alırlar. Onu da vaxtında ödəyirik. Mükafat da öz yerində, hər bir rəqibə uyğun olaraq verilir.
- “Şəfa” indidən Premyer Liqa üçün infrastruktur işlərinə başlayıb? Çünki bu mövsüm də gördük ki, Premyer Liqaya yüksələn klublar var, amma nə öz meydançasında oynayır, nə infrastrukturu normal durumdadır...
- Futbolçu baxımından hazırlaşırıq. Qələbə istəyirsənsə, qarşınıza məqsəd qoymusunuzsa, irəli baxmalısan. Bəli, hazırlıqlar gedir. İnfrastruktur məsələsinə gəlincə, çox çətndir. Amma bir neçə yer var, bizə təklif edilib. Hətta müqavilə imzalamaq mərhələsindəyik. Sağlıq olsun, yaxın günlərdə bu haqda məlumat verəcəyik.
- “Şəfa” özü üçün doğma olan arenaya qayıdacaq?
- Buna ümid edirik.
- I Liqada iddianız bəllidir. Bəs, ölkə kubokunda necə, qarşıya hansı hədəf qoyulub?
- Biz Premyer Liqa klubları ilə rəqabət apara bilərik. Əlbəttə ki, ölkə kubokundan söhbət gedir. 1-2 oyunluq mərhələdə yüksək səviyyədə mübarizə aparmaq da mümkündür. İlk növbədə “Cəbrayıl” haqda düşünürük. Bu komandanı keçməliyik. Bu oyunda qalib gəlsək, növbəti rəqibin analizini edəcəyik.
- Ötən mövsüm komandaya baş məşqçi təyin edilmiş Elgiz Kərəmli də hazırda postundadır. Premyer Liqaya vəsiqə qazanacağınız təqdirdə də, bu postda Kərəmli qalacaq?
- Danışığımız, razılığımız var. Əlbəttə ki, hər şey yaxşı olarsa, istədiyimiz kimi getsə, Elgiz Kərəmli uzun müddət “Şəfa”nın baş məşqçisi olacaq.
- Belə fikirlər var ki, “Şəfa” “Qarabağ”ın uğurlu sistemi ilə getməyi qarşısına hədəf qoyub. Bu haqda fikriniz necədir?
- Əlbəttə ki, “Qarabağ” sistemi unikaldır. Özü də, Avropada da özünü sübut edib. Düşünmürəm ki, kənara çıxmalıyıq. “Qarabağ” elə göz qabağındadır. Qurban Qurbanov başda olmaqla, “Qarabağ” rəhbərliyinə də təşəkkürümüzü bildiririk. Baş məşqçi, köməkçi məşqçilər orada təcrübə keçmişdi. Hərtərəfli dəstəkləri var, onlara təşəkkür edirik.
- Bildiyimiz qədərilə, klub rəhbərliyi komandada yalnız yerli futbolçuların oynamasını istəyir. Premyer Liqaya çıxacağınıq təqdirdə, zehniyyət dəyişməyəcəkki?
- Yaxşı mövzuya toxundunuz. Bizim məxsus olduğumuz sponsor “My Group” Holdinqin rəhbəri Emil İsgəndərov və Kənan Sadiqliyə təşəkkür edirəm. Çünki milli futbolçulara belə bağlamaq və oynamaq heç bir kluba nəsib olmayıb. Son 20 ili götürsək, hər bir komandada ən azından bir legioner olub. Səhv etmirəmsə, “Şamaxı” bu praktikadan istifadə edob, amma uğursuz olub. Biz yerli futbolçuların ümid yeri olaraq, yalnız azərbaycanlı futbolçulara yer verəcəyik. Bizdə legioner futbolçu olmayacaq.
Mirbağırağa