Tahir Süleymanov, Aslan Kərimov və ya başqa bir futbol adamı - İcraiyyə Komitəsində boşalan yerə namizəd

14:40 - 1 Dekabr 2025

Bir ölkənin futbolu barədə ən həssas qərarları bu sahədən çox-çox uzaq olan adamlar verirsə, yaxşı nə isə gözləməyin özü məntiqsizlikdir. AFFA İcraiyyə Komitəsində kimə desən rast gəlmək olar, futbol adamlarından başqa. Bir Qurban Qurbanov var idi, onu da küsdürdülər getdi. İcraçı vitse-prezident Sərxan Hacıyev də futbolun içindən çıxan şəxs olsa da, o da dilsiz-ağızsız adamdır. Qalanlarından klub nümayəndəsi Maqsud Adıgözəlov var, bir də təqaüdçü veteran futbolçu, daha çox kölgədə qalmağı xoşlayan Səməd Qurbanov. 

Məhz tərkibinə görədir ki, İcraiyyə Komitəsi futbol ictimaiyyəti tərəfindən birmənalı qəbul olunmur. Başqa-başqa peşələrin adamları dərindən bilmədikləri sahə barədə nə qədər doğru fikirlər yürüdə bilərlər ki... 

Təəssüf ki, hər işə siyasət qatmağı sevən məmur təfəkkürlü adamlar AFFA İcraiyyə Komitəsini də xoş olmayan hala salıblar. Guya, bunlar əvvəlkilərdən fərqli yanaşma qoymalıydılar ortaya. Amma tam əksi oldu. Futbol adamlarını başlarına yığmaq əvəzinə, qohum-əqrəba, dost tanışlarını gətirib yığdılar masanın ətrafına. 

Qurumun son iclasında məlum olub ki, İK-da bir yer boşalıb. Zaur Axundov öz işləriylə əlaqadər komitə üzvlüyündən gedib. İndi onun yerinə kimsə gəlməlidir. Böyük ehtimalla, yenə hansısa dost-tanışlarını gətirəcəklər oraya. 

Amma doğru olanı odur ki, daha 2-3 nəfəri yola salıb onların yerinə futbol adamlarını gətirsinlər İcraiyyə Komitəsinə. Bu, ya Tahir Süleymanov kimi təcrübəli funksioner, ya futbolumuzdakı təshilə cavabdeh şəxs Aslan Kərimov, ya da sözünü deyən başqa bir futbol adamı ola bilər. Əsas odur ki, həmin adam həm tutarlı fikirlər ortaya qoysun, həm də ölkə futbolunun ictimai həyatında yaxından iştirak eləsin. 

Həmid

Xəbər xətti