Transfer çalışmalarını sürətləndirən “Qarabağ”da tezliklə yeniliklərin olacağı gözlənilir. Ağdam klubu bir neçə futbolçunun keçidini tamamlamağa çalışır.
Sportal.az xəbər verir ki, ölkə çempionu hücum xəttini gücləndirməyə cəhd edir. Eyni zamanda komandadan ayrılması gündəmdə olanların da mövqeyinə yeni namizədlər axtarılır.
Aleksey Kaşuk, Nəriman Axundzadə, Toral Bayramov və Leandro Andradenin komandadan ayrılması mümkündür. Yaxşı təklif gələcəyi təqdirdə “Qarabağ” onların hər birini yola salmağa hazırdır. Xüsusilə Andradenin Asiya klublarından aldığı təklifin dəyərləndirilməsi realdır. Yaxın bir-iki gündə bütün məsələlərə aydınlıq gələcək.
Elvin Cəfərquliyevə də maraq var. Amma onun və Marko Yankoviçin yayda komandanı tərk etməsi daha realdır. Əvəzində Bəhlul Mustafazadənin “Qarabağ”dan ayrılması an məsələsidir. Çin klubundan sərfəli təklif alan mərkəz müdafiəçisi klubların anlaşmasını gözləyir.
Bəhlulun gedişini sübut edən əsas məqam “Qarabağ”ın stopper transfer etmək üzrə olmasıdır. Əldə etdiyimiz bilgiyə görə, ağdmlılar yeni mərkəz müdafiəçisi ilə anlaşıb. Futbolçunun kimliyini dəqiqləşdirə bilməsək də, onun Serbiya çempionatından gələcəyini öyrəndik. Tezliklə bu barədə rəsmi açıqlama verilməlidir.
“Qarabağ” müdafənin sol cinahı ilə də bağlı addımlar atır. Toralla Elvindən ən azı birinin getməsinə görə baş məşqçi Qurban Qurbanov indidən ehtiyatını görür. Çalışdırıcı həm də heyətdə rəqabəti artırmağa, çempionatdakı xal itkiləriniin qarşısını almaq üçün ikinci heyəti gücləndirməyə səy göstərir. Bu səbəbdən hazırda prioritet forvard transferidir.
Bu ehtimalların hansının reallaşacağı bəlli deyil. Qış transfer pəncərəsi bağlanmaq üzrədir, üstəlik, “Nyukasl”la oyunlara az qalıb. Yeni oyunçulardan bəzilərini Çempionlar Liqası matçları üçün də sifariş etmək lazım gələcək. “Qarabağ” həm tələsir, həm də dəqiq seçimlər etməyə çalışır. Mümkün olan tezliklə həllini tapacaq, əsas iş isə yayda başlayacaq. Qurbanov yeni mövsüm üçün daha güclü heyət formalaşdırmaq niyyətindədir. (Futbolinfo.az)
saytlarin hazirlanmasi
