"Kəpəz" Misli Premyer Liqasının 18-ci turunda Yevlax şəhər stadionunda "Şamaxı"ya 0:2 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun çətin olacağını bilirdik. "Şamaxı" ötən tur məğlub olduğu üçün daha məsuliyyətli idi. Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüflər olsun ki, səhvlər etdik. İstəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqibi təbrik edirəm. Çempionatın ikinci yarısı hələ təzə başlayıb. Çətin oyunlar qarşıdadır. İnanıram ki, tapşırığın öhdəsindən gələcəyik.
- Sanki komanda "Qarabağ" üzərindəki qələbənin eyforiyasından çıxa bilməyib. Siz necə düşünürsünüz?
- Ola bilər. Biz bununla bağlı işimizi görmüşük. Hardasa cücərtilər qala bilər. Bunu inkar etmək sadəlövhlük olar. Komanda ilə neçə gündür bu barədə söhbət edirik. Cərimə meydançasında çox ucuz səhvlər etdik. Rəqib itirdiyimiz toplardan bizə qollar vurdu.
- İkinci hissədə daha istəkli "Kəpəz" gördük. Fasilədə komandaya hansı tapşırıqlar verdiz?
- Birinci hissədə səhvlərimiz mərkəzdəki boşluqlardan idi. Bunu görürdük. İkinci yarıda həmin mövqeni sığortaladıq. İstədiyimiz oyun ikinci hissədə daha yaxşı alındı. "Şamaxı" əks-hücumda oynayır, rəqibi səhv etməyə məcbur edir. Biz də cərimə meydançasında topu verdik ki, qol vursunlar.
- Bu məğlubiyyətin komandaya hansı faydası olacaq?
- Oyunu təhlil edib futbolçulara səhvlərini başa salacağıq. Bu gün pis futbol oynamadıq. Məqsədimiz səhvlərdən nəticə çıxarmaq və onları təkrarlamamaqdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi
