Ölkəmizin ən adlı-sanlı futbol adamı Qurban Qurbanov çoxdan idi ki, İcraiyyə Komitəsinin iclaslarına qatılmırdı. Hər dəfə vaxtı olmadığını desə də, hamı başa düşürdü ki, ora getmək istəmir.
Dünən Qurban bəy İK-nın iclasında görüntülənib. Gözlənilməz hadisədir. Əksəriyyət o fikirdəydi ki, Qurbanov o masadan birdəfəlik gedib və bir daha komitəyə qayıtmayacaq. Ən azı bu AFFA rəhbərliyinin dönəmində.
Dəqiq səbəbləri bilinməsə də, ehtimallara görə Qurban Qurbanov sözü eşidilmədiyi üçün İK-dan uzaqlaşmağa qalxmışdı. Yəni sözünü yox, yerini dəyişməyə qərar vermişdi. Maraqlıdır, nə baş verib ki, Qurban Qurbanov İcraiyyə Komitəsinə qayıtmağa razılıq verib...
Bəlkə də, İK üzvləri adından bundan sonra onun fikirlərinə daha sayğılı yanaşacaqlarına dair söz verilib. Bəlkə də, nəbz yoxlamaq üçün qayıdıb. Əvvəlki mənzərəni görsə, daha bir il buranın qapısını açmayacaq.
Ya barışıqdı, ya yenə dolaşıqdı. Dəqiq fikir söyləmək olmur. Qurban Qurbanov qayıtmaqla düz eləyib, ya səhv eləyib, bunu zaman göstərəcək. Amma madam ki, Qurban bəy İK-ya qayıdıbsa, bundan sonra "mənə İcraiyyə Komitəsi ilə bağlı sual verməyin" deməsin. Orada əyləşib özünü ordakılardan ayrı tutmaq doğru deyil!
Fikrət
saytlarin hazirlanmasi
