"Matçdan əvvəl bir xalı qənaətbəxş saymaq olardı, amma iki xal itirdik" - "Kəpəz"in "Zirə"yə qol vuran müdafiəçisi

14:49 - 12 Mart 2026

"Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Sportal.az saytına müsahibə verib.

- "Zirə" ilə matçda "Kəpəz" qələbəni son anda əldən buraxaraq, rəqibi ilə 2:2 oynadı. Bu matçda bir xalı qazandığınızı düşünürsən, yoxsa iki xal itirdiyinizi?

- Bu sualı oyundan qabaq versəydiniz, "Zirə" ilə səfərdə qazanılan bir xalı qənaətbəxş saymaq olardı. Ancaq indi oyuna baxdıqda, düşünmək olar ki, iki xal itirdik. Təəssüf. Çünki üç xalı qazanmağa çox yaxın idik.

- "Kəpəz"in heyətində ilk qolu künc zərbəsi zamanı sən vurdun. Maraqlıdır, həmin qol təsadüfi alındı, yoxsa məşqlərdə işlədiyiniz gedişat idi ki, reallaşdırdı?

- Məşqlərdə ümumi olaraq, bütün standart vəziyyətlər üzərində işləyirik. Bu, həm hücum, həm də müdafiə planına aiddir. Şadam ki, qol vuraraq komandama kömək ola bildim. 

- "Kəpəz" hazırda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Bu an üçün hazırkı durum sizi razı salır, yoxsa komanda daha da yaxşısını etməyə qadirdir?

- Bizim məqsədimiz bacardığımız qədər yuxarı pillələrə yüksəlməkdir. Yaxşı kollektivimiz var. Əlbəttə ki, daha yaxşısını etməyə qadirik. Qarşıda matçlar var və uğurlu çıxışımıza davam etmək niyyətindəyik.

- Mövsümün sonunda 11-ci pilləni tutan komanda I Liqanın 2-ci pilləsindəki rəqiblə pley-off oyununa çıxacaq. Bu təhlükəni hiss edirsən, yoxsa həmin riskli mövqedə olmayacağınızdan əminsən?

- Hələ qarşıda çox oyun var. Ona görə də indidən nəsə demək çətindir. Biz hər növbəti oyunu fikirləşirik. "Zirə" ilə görüş başa çatıb, indi qarşıdakı oyunumuza fokuslanmışıq, ondan sonra isə növbəti görüşü düşünəcəyik. Bacardığımız qədər maksimum xal toplamaq istəyirik. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar.

- Növbəti turda rəqibiniz "Turan Tovuz"dur. Tovuz təmsilçisi bu mövsüm uğurlu çıxış edir. Həmin görüşdə qələbə qazanmağınız, ən pis halda isə bir xal əldə etməyinizi real hesab edirsən?

- Bizim liqamızda hər bir komanda digərindən xal və ya xallar ala bilir. Bizim hər oyunda olduğu kimi, bu matçda da fikrimiz ilk növbədə qələbə qazanmaq olacaq. Bunun üçün komanda şəklində sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- "Kəpəz" sonuncu pillələrdə olsa belə, sən özün bu mövsüm yaxşı performans göstərirsən və daimi oynayırsan, qollar da vurursan. Bu ay keçiriləcək milli toplanış üçün Ayxan Abbasovdan dəvət gözləyirsən?

- Millidə oynamaq hər bir futbolçunun arzusudur. Ayxan müəllimin verəcəyi qərardır. Hər bir qərara da hörmətlə yanaşıram. Mənim işim daim öz üzərimdə işləyərək, oyundan-oyuna daha yaxşı performans göstərərək komandama çox xeyir verməkdir. Millidən dəvət olarsa, sevindirici olar.

Mirbağırağa

Xəbər xətti