"Çempion olmağa layiq komandayıq, amma rəqibimiz az olmayacaq" - "Səbail"in müdafiəçisi

13:18 - 25 Avqust 2026

"Səbail"in müdafiəçisi Fuad Bayramov Sportal.az saytına müsahibə verib. Premyer Liqada "Şamaxı" və "Zirə" klublarında oynamış sol cinah müdafiəçisi yenidən yüksək liqada oynamaq istədiyindən bəhs edib.

- "Səbail"in toplanışı necə gedir, hər şey sizi qane edir? Demək olar ki, çempionata artıq hazırsınız?

Toplanışımız istədiyimi səviyyədə keçir. Ümumilikdə hazırlığımız da yaxşıdır. Çempionatın startına kimi tam formada olacağıq. Buna çox inanıram. Hamımız çox istəkli və inamlıyıq.

- Bu mövsüm "Səbail"dən gözləntilər yüksəkdir. I Liqanın ən güclü heyətinə malik olduğunuz iddiası ilə razısan?

Bilirsiz, burada çox yaxşı kollektiv yığılıb. Çempion olmağa da layiq komandayıq. Düşünürəm ki, çempionluq yolunda rəqiblərimiz az olmayacaq. Allah qoysa, sonda sevinən tərəf "Səbail" ailəsi olacaq. Biz sona qədər mübarizə aparacağıq. Bu, dəqiqdir.

- Türkiyə toplanışı zamanı "Sakaryaspor"la yoxlama görüşündə dava-dalaş düşdü. Həmin hadisənin sonu necə bitdi, oyundan sonra tərəflər arasında görüş oldu?

- Əlbəttə ki, hər şey yaxşıdır. Futboldur da, bəzən belə hallar olur. Oyunun gərginliyindən anlaşılmazlıqlar yarana bilir. Matçdan sonra əl sıxışdıq, barışdıq. Hər şey yaxşıdır, heç bir problem yoxdur. 

- Ötən mövsümü icarə əsasında "Mingəçevir"də keçirdiniz. "Qəbələ"yə qarşı Premyer Liqaya çıxmaq uğrunda pley-off görüşündə uduzmuşdunuz. "Mingəçevir"lə bunu etmək niyə alınmamışdı?

Təcrübəsizlik bunu edə bilməyimizə mane oldu. Digər tərəfdən, "Qəbələ" çox yaxşı komandadır. Oyuna da yaxşı hazırlaşmışdılar. Bunu dərhal görmək olurdu. Səviyyə fərqi də göz önündə idi. Təəssüf ki, sevinən tərəf biz olmadıq.

- Artıq "Zirə"yə məxsus deyilsən. "Zirə"də çox oynamamağınızı nə ilə əlaqələndirirsən? Yəqin ki, Premyer Liqaya "Səbail"in heyətində geri qayıtmağı çox istəyirsən..

Bəli, artıq "Səbail" uğurları üçün çalışacam. Əlbəttə ki, yenidən Premyer Liqaya geri qayıtmaq istəyirəm. Bunu da "Səbail" ailəsi ilə reallaşdırmaq niyyətindəyəm. Təbii ki, bunun baş tutması üçün əlimdən gələnin artığını etməyə də hazıram. Mövsümün sonunda "Səbail"lə yenidən Premyer Liqada olmağı çox istəyirəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

Mirbağırağa

Xəbər xətti