Azərbaycanda “Xəzər Lənkəran”, “Zirə” və “Keşlə” (indiki “Şamaxı”) klublarında çıxış etmiş rumıniyalı keçmiş futbolçu Adrian Skarlatake Sportal.az-a açıqlama verib.
Hazırda Rumıniyada II Liqada mübarizə aparan "Konkordiya" klubunun baş məşqçisi olan Skarlatake əsas liqada mübarizə aparan "Petrolul"un və Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov barədə fikirlərini bölüşüb.
O, Hüseynovun Rumıniya çempionatındakı ilk oyunlarını müsbət qiymətləndirib: "Cəlal ilk oyunlarında yaxşı çıxış etdi. Əlbəttə, hər zaman daha yaxşı olmaq üçün imkan var. Amma azarkeşləri çox olan və böyük təzyiqin hiss edildiyi çətin komanda olan “Petrolul”da yaxşı oynayır. O, həmçinin uyğunlaşmaq üçün vaxta ehtiyac duyur. Əminəm ki, gələcəkdə daha yaxşı çıxış edəcək.
"Petrolul”un çempionluq uğrunda mübarizə aparacağına inanmaq çətindir. Düzdür, yaxşı start götürüblər, amma düşünürəm ki, çempionluq uğrunda mübarizə aparmaları çətin olacaq. Cəlala çempionata, ölkəyə və yeni komanda yoldaşlarına uyğunlaşmaq üçün bir qədər vaxt lazımdır. Əminəm ki, yaxşı oynayacaq və əsas heyətdə yer ala biləcək".
Skarlatake millimizin üzvü ilə hələ ki görüşmədiyini deyib: "İndiyədək Cəlalla görüşməmişik. Biz müxtəlif şəhərlərdə yaşayırıq. Amma əminəm ki, yaxın gələcəkdə görüşəcəyik. O da məşğuldur, mən də komandamla eyni vəziyyətdəyəm. Amma onunla görüşmək istəyirəm. Çünki biz “Zirə”də də komanda yoldaşı olmuşuq".
Mirbağırağa
