4 dəqiqə 33 saniyə... - "Turan Tovuz"a qarşı davam edən haqsızlıqlar, Ehtiram Quliyevin səssizliyi

14:58 - 25 Avqust 2026

Amerikalı avanqard bəstəkar Con Keyc 1952-ci ildə"4′33″"(dörd dəqiqə otuz üç saniyə) adlı bir bəstə yaradır. Səhnəyə çıxan pianoçu 4 dəqiqə 33 saniyə ərzində bircə dənə də olsun nota toxunmur, tamamilə səssiz dayanır. Pianoçu sadəcə pianonun qapağını açıb-bağlamaqla əsərin hissələrinin başladığını və bitdiyini bildirir. Con Keyc sübut etmək istəyirdi ki, dünyada tam mütləq səssizlik yoxdur. Siz musiqiçiləri susdurduğunuz an zaldakı digər səslər — insanların pıçıldaşması, öskürək, kənardan gələn maşın səsi və ya nəfəs alma — musiqinin özünə çevrilir. Yəni əslində əsər səssiz deyil, ətrafdakı təbii səslərin simfoniyasıdır.

Ötən mövsüm kubokda "Turan Tovuz"u "dəfn" edən Əliyar Ağayevin ünvanına sərt fikirlər səsləndirən Ehitram Quliyev o vaxtdan bu yana səssizdir. Tovuz klubu bir qədər qəribə, əslində isə daxildə onu istəməyən qüvvələrin "fəaliyyəti" nəticəsində avrokuboklara buraxılmayanda da səssiz qalmağı üstün tutmuşdu. İndi də danışmır. Halbuki hakimlər "Turan Tovuz"un əlindən qələbəsini alıb, kor-kor, gör-gör təmiz qollarını qeydə almayıblar. 

Futbol ictimaiyyəti maraqla Hakimlər Komitəsinin "Turan Tovuz"un sayılmayan qoluna açıqlamasını gözləyirdi. Açıqlama gəldi, amma gəlməsəydi ondan yaxşı... Üzrü ayıbından betər! Hətta CBC Sportun təkrarlarından belə daha çox qola oxşayır, nəinki əksi. Amma VAR-da əyləşən yoldaşlar epizodu elə təhlil edirlər ki, sanki burada qoldan söhbət gedə bilməz. Elə belədə bir ofsayd xəttini müəyyənləşdirmək üçün 3-4 dəqiqə fasilə verən hakimlər briqadası 40-50 saniyənin içində vacib epizodla bağlı rəy verirlər. 

Ötən mövsüm "Qarabağ"ın "Kəpəz"in qapısına verilməyən penalti epizodu var idi. VAR-da dəqiqələrlə baxılır, lupa cihazı az qala mikroskopik həddə yaxınlaşdırılır ki, topun "Kəpəz"in futbolçusunun çəçələ barmağına sürtməsini isbatlaya bilsinlər. Amma nədənsə "Turan Tovuz"un "Şamaxı"ya vurduğu qol zamanı belə yanaşmanı sərgiləmirlər. Sanki hakimlər əvvəldən qolun olmadığına kökləyiblər özlərini. 

Bu artıq başqa mövzudur ki, illik büdcəsi 30 milyon manat civarında olan AFFA nə üçün VAR maşınına ehtiyac duyulan qədər kamera quraşdıra bilmir... 

Tovuz futboluna böyük yatırım edən Ehtiram Quliyev səssizdir. Amma Con Keyc hələ 70 il əvvəl göstərmişdi ki, dünyada mütləq səssizlik yoxdur. "Turan Tovuz"un başına gətirilənləri hamı görür, danışır, bəlkə də AFFA-nın öz binasında da pıçıldaşırlar. 

Emin Abbasov

Xəbər xətti