Ağıl və pul bir yerdə çox şeyə qadirdi
Bir müddət əvvəl Tiflisin “Dinamo” klubunun Futbol Akademiyasının açılışı oldu. Tədbirdə Kriştiano Ronaldo, Andrey Şevçenko, Kaxa Kaladze kimi dünya futbol ulduzları da iştirak etdi. Kaladzenin iştirakı gözlənilən idi, gürcü dostunun dəvəti ilə gələn Şevçenkonun açılışda olması da təəccüblü deyildi. Ancaq Ronaldonun Akademiyanın açılışına gəlişi tək mənim deyil, bütün futbol dünyasının diqqətini bu tədbirə yönəltdi.
“Qarabağ”ın Futbol Akademiyasına rəhbərlik etdiyim üçün qonşu ölkədə bu işlərin necə qurulması mənə maraqlı gəldi. “Dinamo”nun Futbol Akademiyasına getmək qərarına gəldim. Klubumuzun direktoru Əmrah Çəlikəl ideyamı dəstəklədi. Səfərin təşkilati tərəfinin həll olunması üçün isə Gürcüstanın Dialoq və İnkişaf Fondunun prezidenti Ramilə Əliyevaya müraciət etdim.
“Qarabağ” bizim fəxrimizdi”
Bakıda hava limanına “Qarabağ”lı kimi daxil olmaq bir qürur idi. Əynimdəki “Qarabağ”ın loqosu həkk olunmuş kostyum yanımdan keçənlərin diqqətini dərhal cəlb edirdi və hiss olunurdu ki, hər kəs bir şəkildə yardımçı olmağa çalışır. İnsanların “Qarabağ”a duyduğu simpatiyanı hiss etməmək olmurdu. Təhlükəsizlik xidmətində çalışan əməkdaşlardan birinin uca səslə söylədiyi “Qarabağ” bizim fəxrimizdi” ifadəsi də bu simpatiyanın göstəricisi idi.
Uğurun reseptini Tiflisdə axtarmaq lazım idi
Bu oyuna marağı olmayanlar üçün futbol çox sadə görünə bilər. 11 nəfər topu götürüb digər 11 nəfərin qoruduğu qapıdan keçirməlidir, bu qədər sadə. Lakin sadə göründüyü qədər mürəkkəb olan futbol oyunu artıq bir elmə çevrilməkdədir. Heç kəs deyə bilməz ki mən futbolda hər şeyi bilirəm. Futbol günü-gündən təkmilləşir, yenilənir, dəyişir. Müasir futbol idarəçiliyinin əsas tələblərindən biri daim mütaliə etmək, seminarlarda iştirak və daim axtarışda olmaqdır. Bu baxımdan Gürcüstan səfəri mənim üçün çox önəmli idi. Gürcüstanın uşaq futbolunda görülən işlər, açılışı yeni olan “Dinamo”nun Akademiyasının fəaliyyəti mənə çox maraqlı idi. Bu ölkənin U-17 yığması ötən il Avropa çempionatında yarımfinala qədər irəliləmişdi. Bu il isə U-19 Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu uğurların reseptini Tiflisdə axtarmaq lazım idi.
Ağıl və pul bir yerdə çox şeyə qadirdi
Əvvəlcədən planlaşdırıldığı kimi məni Dialoq və İnkişaf Fondunun nümayəndələri qarşıladılar. Qurumun təşkilatçılığı ilə səfərimin ilk günündə Star FM radiosunun qonağı oldum. “Qarabağ”ın Avroliqadakı çıxışları klubumuz barədə iddialı fikirlər söyləməyimi şərtləndirirdi. Veriliş çox maraqlı alındı. Gürcü həmkarlarım öz növbəsində Gelaşvili barədə məlumat aldılar. Həmçinin “Dinamo”nun kənardan necə göründüyünü soruşdular. Qrup mərhələsinə düşə bilmirlərsə, demək ki, görüləcək işlərin hələ çox olduğunu dedim. Həmin gün ÇL-in 2-ci təsnifat mərhələsində “Dinamo” – “Streymur” matçını izlədim. Meydan sahibləri 6:1 hesablı qələbə qazandılar. Buna baxmayaraq, “Dinamo”nun ÇL-in qrup mərhələsinə düşə biləcəyinə inamım böyük deyil. İki güclü rəqibi mübarizədən kənarlaşdırmaq o qədər də real görünmür. Onların indiki potensialı ən yaxşı halda Avropa Liqasının qrup mərhələsinə düşməyə imkan verər. Ancaq futbolda hər şey olur. Növbət gün isə futbol akademiyasına yollandım. Buranın özəlliyi onda idi ki, akademiya Azərbaycandakı kimi klub bazasının nəzdində yox, tamamilə başqa məkanda fəaliyyət göstərir. Çox böyük qurğudur. 4 meydançadan və 4 mərtəbəli tikilidən ibarətdir. Futbolçuların yetişməsi üçün hər cür şərait yaradılıb. Akademiyanın direktoru Giorgi Minaşvili ilə görüşümüz oldu. 4 il İngiltərənin “Kristal Pelas” klubunda çalışan Minaşvili 6 ay əvvəl vətənə qayıdıb və dərhal “Dinamo”dan təklif alıb. Onun savadı və klub rəhbərliyinin inşa etdirdiyi baza gec-tez öz bəhrəsini verəcək. Ağıl və pul bir yerdə çox şeyə qadirdi. Minaşvili ilə söhbətdə aydın oldu ki, onlarda uşaqlar arasında çempionatlar 8 yaşından başlayır (bizdə 11 yaşından), son yaş həddi 17-dir. Akademiyanı bitirən uşaqlar əvəzedici komandaya göndərilir. Bu futbolçuların növbəti dayanacağı “Dinamo”nun 1-ci divizionda iştirak edən komandası olur. Ən istedadlılar isə əsas komandaya düşməyin zövqünü yaşaya bilirlər. Bütün yaş qruplarının məşqləri Minaşvilinin tərtib etdiyi proqram əsasında keçirilir. Uşaqlara ən müxtəlif taktiki gedişlər aşılanır. Minaşvili əmindir ki, bir neçə ildən sonra “Dinamo”nun əsasını bu akademiyanın uşaqları təşkil edəcək. Akademiya ilə tanışlıq sona çatdıqdan sonra “Dinamo”nun bazasına yollandıq. Bazada 3 meydança var idi ki, onlardan ikisi təbii ot, biri isə süni örtüklü idi. Burada komandanın baş məşqçisi və klub rəsmiləri ilə görüşlərim oldu. Onlar əmindilər ki, bu gün uşaq futboluna böyük pullar yatırmasalar, sabah böyük uğurlara nail ola bilməzlər. Çünki o qədər pulları yoxdur ki, qiyməti 20-30 milyon olan oyunçular alsınlar, ucuz legionerlərlə isə uzağa getmək mümkün deyil. Gürcülər bu gün futbol akademiyasına qoyduğu sərmayəni sabaha yatırım hesab edirlər. Dünyada buna ən böyük misal “Barselona”dı. Başqaları milyonlar xərcləyib futbolçu aldığı halda, “Barsa” öz akademiyasında Messi, İnyesta, Xavi, Pedro, Buskets, Pike, Valdes, Puyol kimi ulduzları yetişdirməyə nail olub. Kataloniya klubunun yetişdirdiyi futbolçular millinin son illərdəki uğurlarında da böyük pay sahibi olublar. Gürcüstanın futbol akademiyalarında yetişən uşaqlar da milli komandanın uğurlarına tövhə verirlər. Tiflisdə axtardığım uğurların resepti – ağıl və pulun vəhdətidir. Deyə bilərsiz ki, gürcü uşaqlar bizimkilərdən istedadlıdırlar. Bir neçə ay əvvəl mən də elə düşünürdüm. Ancaq bu aylar ərzində “Qarabağ”ın Futbol Akademiyasında gördüyüm istedadlar toplusu fikrimi çox dəyişdi. Biz heç kimdən zəif deyilik, sadəcə futbola baxışımız fərqlidir. Onlarda keyfiyyətli yetişdirib xaricə yola salırlar, bizdə birtəhər yetişdirib başından pul səpib buralarda saxlayırlar!
Gürcüstanda nazir olmağa namizəd xanım və tanınmış həmkarım
Səfərimin təşkilati dəstəyini üzərinə götürən Dialoq və İnkişaf Fondunun prezidenti Ramilə Əliyeva son vaxtlar Azərbaycan mətbuatının gündəmindən düşmür. Buna səbəb onun Gürcüstanın Energetika və Təbii Resurslar naziri vəzifəsinə gətiriləcəyinə dair xəbərlərin yayılması olub. Ramilə xanım Polis Akademiyasında insan hüquqları üzrə mühazirələr oxuyub, müxtəlif hüquq müdafiə təşkilatlarında çalışıb. Bizə kənardan gənc xanımın nazir təyin olunması inandırıcı gəlməyə bilər. Təsəvvür edin ki, mən AFFA prezidentliyinə namizədliyimi verirəm. Hamı mənə gülər, hətta dəli deyənlər də tapılar. Ancaq hansısa nazirin futboldan heç anlayışı olmayan övladı namizədliyini versə, əhsən deyib alqışlayarlar. Ancaq Gürcüstanda hansısa potensiallı, işləmək əzmi olan gəncin əhəmiyyətli posta təyinat alması normal haldır. Orada olduğum müddətdə Ramilə xanımla geniş söhbət etmək imkanı qazandım. Onun həyat baxışlarını, intellektual səviyyəsini, davranışını çox bəyəndim. Əminəm ki, tez və ya gec bu xanım mütləq nazir olacaq. Yeri gəlmişkən, Ramilə xanım da bir vaxtlar televiziyada jurnalist çalışıb. Son iş yeri Gürcüstanın İctamai Televiziyası olub. Elə televiziyadan tanıdığı Giorgi Gulbani ona idman sahəsindəki fəaliyyətində kömək edir. İlk gündən məni müşaiət edən Giorgi Gürcüstanın ən tanınmış idman telejurnalistlərindən biridir. Məhz o mənə Gürcüstan futbolunda görülən işlər barədə dolğun məlumatlar verirdi. Orada olduğum bir neçə gündə bu insana çox bağlandım. Düz deyirlər, insanlıq sərhəd tanımır. Fərqli dinlərə qulluq etsək də, həyat baxışlarımız çox oxşardır. Giorgi ilə bir neçə günün içərisində elə dostlaşdıq ki, indi mənə elə gəlir sanki bir-birimizi uzun illərdir tanıyırıq. 3 günlük səfərimin səmərəli olması üçün çox əziyyət çəkdi Giorgi. Onun sayəsində Gürcüstan futbolunda görülən işlərin ümumi mənzərəsi mənə tam aydın oldu. Öyrənmək sərmayə, inkişaf isə səviyyəli çempionatlarda təcrübə tələb edir!
P.S. Avropa çempionatının final mərhələsində ilk oyununa çıxan Gürcüstanın U-19 yığması Fransa millisi ilə qolsuz heç-heçəyə nail oldu.
Emin ABBASOV
saytlarin hazirlanmasi