Con Toşak: "Türkiyədə mənim komandam "Beşiktaş"dır və həmişə də "Beşiktaş"lı olacağam"
"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Fənərbaxça" ilə yoldaşlıq oyunundan öncə Türkiyənin "Sabah" qəzetinə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir.
- "Qalatasaray" və "Fənərbağça"nın Avropa macərasını izlədinizmi?
- Bəli. Fatih Terim üçün keçən mövsüm uğurlu oldu. Bilirsiniz ki, Fatih "Qalatasaray"da böyük bir yol qət etdi. "Real"a (Madrid) qarşı 1/4 finalda oynadı. Bu, "Qalatasaray" üçün çox yaxşı nəticə idi. "Fənərbağça" da yaxşı uğur əldə etdi. Finalı son oyunda əldən verdilər. Əslində mən bu uğurları "Beşiktaş"da da görmək istəyirəm.
- Türkiyənin üç böyük klubundan təklif gəlsə, bura dönməyi düşünərsiniz?
- İndi "Xəzər Lənkəran"dayam və çətin bir vəzifəni öhdəmə götürmüşəm. Klubumla bir illik müqaviləm var və buradan ayrılmaq həqiqətən asan deyil. Azərbaycandakı insanlar çox yaxşıdır. Burada xoşbəxtəm. Ancaq gələcəkdə nələrin olacağını bilmərik. Hələlik burdayam.
-"Fənərbağça" və "Beşiktaş"ın UEFA-dan aldığı cəzalar barədə nə deyə bilərsiz?
- Cəzalardan xəbərim var. Ümid edirəm ki, türk futbolu üçün ən yaxşı qərar çıxararlar. Mən Türkiyədə olduğum müddətdə danışılmış oyunlarla bağlı heç bir hala rast gəlməmişəm. Birinin birinə pul verdiyini də görmədim.
- Siz Türkiyədən ayrıldıqdan sonra, futbolumuzun inkişafını təqib edə bildinizmi?
- Əslində yaxşı təqib etdiyimi deyə bilmərəm. Çünki oradan 14 il əvvəl ayrılmışam. 1997-1999 mövsümlərində Türkiyədə oldum. Mən oradaykən Türk futbolu çox yaxşı bir dönəmdə idi. "Qalatasaray" o zamanlar çox güclü idi. Fatihin rəhbərliyi ilə UEFA Kubokunu qazandılar. Türkiyə milli komandası da çox güclü idi və dünya üçüncüsü oldu. Hazırkı yığma o qədər güclü deyil. Türkiyədə, "Beşiktaş"da xoşbəxt idim. Hərçənd türk jurnalistlərlə bir iki problemim vardı amma "Real" (Madrid) kimi bir komandadan sonra "Beşiktaş"da, o stadionda olmaq çox gözəl idi. "Qalatasaray"a qarşı qazanmış olduğum kubok çox əhəmiyyətli idi və böyük bir an idi.
- Türkiyədən heç təklif aldınızmı?
- Bir neçə dəfə telefonuma zənglər gəldi, amma çox ciddi təkliflər deyildi. Hansı komandalar olduğunu açıqlamaq istəmirəm. Çox insanla görüşdüyümü deyə bilmərəm. Sabiq prezident Sərdar Bilgili ilə bura gəlmədən əvvəl görüşdüm. Türkiyədən ayrılmağım çox vaxt keçib. Buna görə də əlaqələr kəsildi.
Toşak "Fənərbağça" və "Qalatasaray"ın böyük klublar olduğunu qeyd edib. Ancaq "Beşiktaş"ın onun ürəyində iz saldığını deyib:
"Əgər "Beşiktaş"da olmusunuzsa, "Fənərbağça" və "Qalatasaray"a hörmət eşidərsiniz. Amma mənim üçün" Fənərbağça" və "Qalatasaray haqqında düşünmək çox çətindir. Onlara böyük hörmətim var. Böyük klublardır və möhtəşəm tərəfdarları var. Amma Türkiyədə mənim komandam "Beşiktaş"dır və həmişə də "Beşiktaş"lı olacağam".
saytlarin hazirlanmasi