İsveçdə "Qarabağ" sədaları

01:40 - 9 Avqust 2013

“Qurbanov legionerlərlə işləyə bilməz” deyənlər hanı?

 

Artıq “play-off”dayıq. Bu, yolun sonu da ola bilər, başlanğıcı da. Püşk, münasib rəqib, zaman, məkan və ən əsası bəxt böyük rol oynayacaq. Çətin bir yola çıxmışıq. Səhv etmirəmsə, hələ Avroliqanın tarixində elə bir şey olmayıb ki, hansısa komanda birinci mərhələdən mübarizəyə başlayıb qrup mərhələsinə vəsiqə qazansın.

 

Bu, üçüncü cəhddi. “Qarabağ” artıq iki dəfə qrup mərhələsinin qapısını döyüb, ancaq aça bilməyib. Bu dəfə fərqli olmalıdı və söhbət udub-uduzmaqdan getmir. Ümumiyyətlə bu dəfə Qurban Qurbanov komandanı fərqli hazırlayıb turnirə. 6 matçda 5 qələbə “Qarabağ”ın qələbə əzminin nümunəsidir. Bu dəfə komanda daha soyuqqanlı, daha təmkinli, daha istəkli görünür.

 

Bu, yalnız “Qarabağ”ın mübarizəsi deyil, bu, həm də bir Qurban Qurbanov savaşıdır. “Qarabağ” bu mübarizəyə “Metallurq”la oyunda başladı, Qurbanov isə ötən mövsüm Premyer Liqada AZAL-a 2:6 hesablı məlubiyyətdən sonra. O vaxt çoxları Qurbanovun məşqçi kimi tükəndiyini hesab etdi, istefası gündəmə gəldi. Ancaq bu, son deyildi, sonun başlanğıcı idi.

 

“Qarabağ”ın uğurunun ən böyük sirri birlikdi, insanların bir-birinə olan güvəncidi. AZAL-a irihesablı məğlubiyyətdən sonra açıqlama verən “Qarabağ”ın direktoru Əmrah Çəlikəl istefanın mümkünsüz olduğunu bildirmişdi. Dönüş nöqtəsi məhz bu idi. Çünki Çəlikəlin dedikləri yalnız gözəl sözlər deyildi, bu, rəhbərliyin Qurbanova verdiyi səmimi qiymət idi. Bunu Qurban bəy də anlayırdı. Ümumiyyətlə Qurbanovla Çəlikəlin münasibətləri bu uğurda heç də az rol oynamır. “Qarabağ”ın direktoru insanları inanılmaz motivasiya etmək bacarığına malikdir. Sadəcə Çəlikəlin fəaliyyəti aysberqin görünməyən tərəfidir. İndi demək olar heç kim həmin 2:6 hesablı məğlubiyyəti yada salmır, heç kim direktorun açıqlamarını da xatırlamır. Qurbanov isə həmin anları yaxşı xatırlayır və ona verilən qiymətin qarşılığını vermək üçün alışıb yanır. Bu dəfə hədəf qrup mərhələsidir.

 

“Gefle” bizim üçün sirli rəqib idi. “Anartosis” üzərində az qala möcüzəvi qələbə rəqibdən çəkinməyə vadar edirdi. Hətta ilk oyunda qazanılan minimal qələbə də azarkeşlərə rahat nəfəs almaq imkanı vermirdi. Gözlənilirdi ki, “Gefle” evdə “Qarabağ”a çətin anlar yaşadacaq. Hamımız gözləyirdik, Qurbanov isə işləyirdi. “Qarabağ” rəqibi o qədər düzgün analiz etmişdi ki… Biz bu qələbəni unudacağıq, “Gefle” isə “Qarabağ”ı hələ çox xatırlayacaq.

 

Həmkarlarıma səslənmək istəyirəm. “Qarabağ”ın qrupa düşmək üçün etdiyi əvvəlki cəhdlərin hamısında Qurban Qurbanovun qarşısında bunu tələb kimi qoymusuz. Alınmayıb, “Borussiya”və “Tvente” kimi rəqibləri mübarizədən kənarlaşdırmaq mümkün olmayıb. Xahiş edirəm, bir dəfə də tələb etməyək, dua edək!

 

Təbriklər, “Qarabağ”. Bu, “Qarabağ” ailəsinin qələbəsidir. Hamımızın qələbəsidir.

 

P.S – “Qurban Qurbanov millinin qaymaqlarının hesabına uğur qazanır” deyən mütəxəssislər hanı? “Qurbanov legionerlərlə işləyə bilməz” deyənlər hanı?

 

Emin ABBASOV

Xəbər xətti