28-ci "Böyük oyun"

12:23 - 23 Avqust 2013

Paytaxt klubu yalnız iki dəfə Lənkəranda qələbə qazanıb
 
Həftəsonu baş tutacaq oyun “Xəzər Lənkəran”la “Neftçi” arasında 28-ci matç olacaq.
 
Sportal.az xəbər verir ki, “Böyük oyun” adı ilə tanınan prinsipial duelin iştirakçıları indiyədək 27 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdən 25-i çempionat, 2-si kubok yarışlarına təsadüf edib. İndiyədək komandalar 11 dəfə meydandan heç-heçə ilə ayrılıb. Bunların 10-u çempionat, 1-i kubokda qeydə alınıb.
 
Qələbələrin sayına gəlincə isə burda bərabərlik hökm sürür. “Neftçi” çempionatda, “Xəzər Lənkəran” kubokda minimal üstünlüyə malikdir. Bütün qələbələrini çempionatda əldə edən bakılılar 8 dəfə 3 xala sevinib. 1 qələbəsi kuboka təsadüf edən “Xəzər Lənkəran” 7 dəfə çempionat oyununda sevinən tərəf olub. Top fərqində də hələlik “Neftçi” öndədir – 28:25. Komandanın budəfəki qələbəsi ümumi balansda tarazlığı tərəfimizə keçirə bilər.
 
Ümumi balansda bərabərliyə baxmayaraq, Lənkərandakı oyunlarda qonaqlar zəif olub. Baş tutan 13 görüşdə 6 dəfə meydan sahibləri qalib gəlib və 5 dəfə heç-heçə alınıb.Paytaxt klubu yalnız iki dəfə Lənkəranda qələbə qazanıb, son belə qalibiyyət isə 2007-ci ilə təsadüf edir. Lənkərandakı oyunlarda top fərqi isə 12:7-dir. Öz meydanındakı son 3 matçda qalib gələn “Xəzər Lənkəran” artıq 9 matçdır evdə “Neftçi”yə uduzmur.
 
“Böyük oyun”larda vurulan 53 qola 36 futbolçu imza atıb. “Xəzər Lənkəran”ın 19, “Neftçi”nin 17 oyunçusu bu qarşılaşmalarda fərqlənib. “Neftçi”də oynadığı vaxt Ruslan Abışov “Böyük oyun”lardakı yeganə avtoqola üzülüb. Bu görüşlərin ən məhsuldar oyunçusu Flavinyodur. Onun hesabında 6 qol var. “Neftçi”nin digər üzvü Zaur Tağızadə isə 4 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə Julius Vobaydır – 3 qol. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov “Xəzər Lənkəran”ın, Nikolas Kanales, Bahodir Nasimov və Svetoslav Stefanov isə “Neftçi”nin heyətində 2 qol vurublar.

Xəbər xətti