"Neftçi"nin 22 futbolçusu milli komandalarda

12:53 - 6 Sentyabr 2013

Yığmaya dəvət alan oyunçular 
 
“Neftçi”nin əsas və əvəzedici, eləcə də aşağı yaş qruplarından ibarət komandalarının 22 üzvü Azərbaycanın müxtəlif yığmalarına dəvət olunub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev, eləcə də icarə əsasında "Sumqayıt"da çıxış edən Ruslan Qurbanov əsas, Mirhüseyn Seyidov, Tərlan Quliyev, Elvin Yunuszadə, Emin Mehtiyev, Emil Balayev, həmçinin icarə əsasında "Sumqayıt"da oynayan Elşən Abdullayev, Slavik Alxasov, Kərim Diniyev və "Simurq"un formasını geyinən Rəşad Eyyubov isə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıblar. Bundan əlavə, Fəhmin Muradbəyli və Ziyadxan Məmmədov U-19, Elməddin Məmmədov U-17, Bahadur Həziyev, Pərviz Həsənov, Kamran İbrahimov, Xalid Bayramov, Pərviz Novruzlu və Pilağa Mehdiyev isə U-15 yığma komandasına dəvət alıblar.
 
Qeyd edək ki, Azərbaycan milli komandası sentyabrın 7-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrail yığması ilə qarşılaşacaq. 21 yaşadək futbolçulardan ibarət yığmamız isə bundan bir gün sonra Avropa çempionatının seçmə mərhələsi çərçivəsində israilli həmyaşıdları ilə üz-üzə gələcək. U-19 sentyabrın 5-dən 11-dək Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışı keçəcək. Sentyabrın 10-dan 19-dək Türkiyənin İstanbul şəhərində hazırlıq prosesi keçəcək U-17 bundan sonra Rusiyanın Volqaqrad şəhərində təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək. Nəhayət, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabr ayının 6-dan 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək. 

Xəbər xətti