Millidə qol vuran "Xəzər Lənkəran" futbolçuları

12:50 - 9 Sentyabr 2013

Cənub təmsilçisinin ilk qolu 2005-ci ildə qeydə alınıb
 
DÇ-2014-ün seçmə mərhələsində keçirilən İsrail – Azərbaycan oyununda milli komandanın yeganə qolunu “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev vurub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi yığmada keçirdiyi 31-ci matçında ilk qoluna imza atdı. Bunlardan 15-i dünya və Avropa çempionatlarının seçmə oyunlarıdır.
 
Ramat-Qanda baş tutan qarşılaşmayadək “Xəzər Lənkəran”ın futbolçuları ölkəmizin əsas milli komandasında 4 qol vurmuşdu. Əmirquliyev yığmamız üçün qol vuran 5-ci oyunçumuz oldu. Bu qollardan 2-si cari seçmə mərhələyə təsadüf edib. Belə ki, DÇ-2014-ün seçmə mərhələ oyunlarında yığmanın vurduğu 4 qola hamıdan çox – 2 topla “Xəzər Lənkəran” töhvə verib. İsraillə ötən il sentyabrın 7-də Bakıda keçirilən və indiki kimi 1:1 hesabı ilə başa çatan qarşılaşmada qolu Ruslan Abışov vurmuşdu. 365 gün əvvəl o da “ağ-yaşılların üzvü idi.
 
Millidə “Xəzər Lənkəran” təmsilçisinin ilk qolu 2005-ci ildə qeydə alınıb. Mayın 29-da Tehranda İran yığması ilə yoldaşlıq oyununda Alim Qurbanov millinin qolunu vurub. Lakin bu qol komandamıza məğlub olmamaq üçün kifayət etməyib – 1:2.
 
2007-ci il iyunun 6-da “Xəzər Lənkəran”lı futbolçular seçmə mərhələlərdə ilk qolunu vurub. Almatıda Qazaxıstanla 1:1 hesablı heç-heçə edən yığmamız Vüqar Nadirovun qolu ilə xal qazanmışdı.
 
2012-ci il isə klubun yığmadakı təmsilçiləri üçün daha məhsuldar keçib. Ruslandan başqa Branimir Subaşiç də rəqib qapısına yol tapıb. Milliləşən serbiyalı avqustun 15-də Bəhreynlə Bakıdakı yoxlama oyununda fərqlənməklə 3:0 hesablı qələbəyə töhvə verib. 

Xəbər xətti