Klublar AFFA-nı yola verirlər

12:11 - 11 Sentyabr 2013

İdarə Heyəti formal xarakter daşıyacaq

 

İcraiyyə Komitəsinin son iclasında qəbul olunan qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda İdarə Heyətinin yaradılması barədədir.

 

Klublarda yaradılacaq İdarə Heyəti 5 nəfərdən ibarət olmalıdır. İdarə Heyətinin tərkibində klub prezidenti, veteran futbolçu, azarkeş qrupunun rəhbərinin yer alması tövsiyyə olunur. Qərarda bildirilir ki, bu proses ilin sonuna qədər yekunlaşmalıdır.

 

Ancaq hələ ki, bu məsələdə irəliləyiş yoxdur. Ümumiyyətlə hiss olunur ki, klublar bu qərarı həyata keçirməkdə maraqlı deyillər. Niyə?

 

Məsələ ondadır ki, bu qərarın effektiv olacağı inandırıcı deyil. Təsəvvür edin ki, İdarə Heyəti formalaşdırıldı. Hər üç aydan bir klubdaxili iclas keçirilməli, mövcud problemlər araşdırılmalı, ideyalar irəli sürülməlidir. Axı, kim zəmanət verir ki, müzakirə olunan məsələlər həllini tapacaq? Ehtimal odur ki, hər üç aydan bir yığışıb, söhbət edib dağılışacaqlar. Digər tərəfdən Hafiz Məmmədov, Abdulbari Gözəl, Tale Heydərov kimi iş adamlarının klubdaxili iclaslarda iştirakı nə qədər realdır? AFFA buna necə nəzarət edəcək? Bu qərarın formallığa çevrilməkdən necə xilas etmək olar?

 

Bu qərarda həmçinin bildirilir ki, İdarə Heyətində veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunmalıdır. Böyük ehtimalla AFFA yalnız bəzi veteranları çörək pulu ilə təmin edəcək bu qərar sayəsində.

 

Qərarın nə qədər effektiv olacağını zaman göstərəcək. Zaman isə hələ ki, heç nə vəd eləmir.   

 

Şahin OĞUZ

Xəbər xətti