"Xəzər Lənkəran"ın ispanı: "AZAL-ın stadionunda oynamaq çox çətindir" MÜSAHİBƏ

17:21 - 17 Sentyabr 2013

Alvaro Silva: "..."Neftçi" ilə, "Simurq" ilə oyunlara baxa bilərsiniz"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Alvaro Silvanın müsahibəsi
 
- “Bakı ilə oyun haqqında nə deyərdin?
- Bizim çempionatda qələbəyə ehtiyacımız var idi. “Bakı” ilə oyunda çox yaxşı çıxış etdik və yaxşı oyun göstərdik. Rəqibimizdən qat-qat üstün futbol oynadıq. Əlimizdə çoxlu şanslar oldu. Amma onların cəmi ikisindən istifadə etdik. Qapımızdan çox sadə və mənasız qol buraxdıq. Amma əsas odur ki, qələbə bizim oldu. 
 
- Bu qələbə komandaya kömək edəcəkmi ki, “qara zolaq”dan çıxsın?
- Birinci qələbə bizim üçün çox vacib idi. Komandamız bundan əvvəlki oyunlarda yaxşı oynayırdı, amma qalib gələ bilmirdi. Bir qələbəyə ehtiyacımız var idi. Onu da “Bakı” ilə oyunda yaxşı oyunumuz hesabına qazandıq. Düşünürəm ki, bundan sonra daha asan qələbə qazana bilərik. Tilsimi qırmışıq.
 
- Son iki oyunda yaxşı oyun göstərirsən. Bunun səbəbi nədir? Əvvəlki oyunlarda səhvlərin daha çox olurdu.
- Son oyunlarda bütün komanda yaxşı oynayır. Komanda yaxşı oynayanda hamı yaxşı olur meydanda. Amma zəif çıxış edəndə hamı zəif görünür. Mən özümü indi çox yaxşı hiss edirəm. Əsas “Xəzər Lənkəran”ın qələbə qazanmasıdır. Kimin meydanda yaxşı və ya pis olması önəmli deyil.
 
- “Xəzər Lənkəran” kimi komandanın, çempionluq üçün yarışan komandanın 6-cı turda qələbə qazanması nə deməkdir?
- Bizim əvvəlki oyunlarımıza baxsanız, görərsiniz ki, nə qədər qol epizodlarımız olub. Qalib gəlmək üçün meydanda hər şey edirdik amma qələbə çatmırdı. Məsələn, “Neftçi” ilə, “Simurq” ilə oyunlara baxa bilərsiniz. Sanki top qapıya daxil olmaq istəmirdi. Hər oyunda çoxlu şanslarımız olurdu, rəqibdən üstün oynayırdıq amma meydandan xalsız çıxırdıq. Bizim yaxşı komandamız var və güclüyük. Bundan sonra daha çox qələbə qazanacağımıza inanıram.
 
- Liderlə aranızda böyül xal fərqi var. 7 xal fərqini aradan qaldırmaq sizə çətin olmayacaq? Komanda çempion olmaq istəyir...
- Bunun demək olmaz. Cəmi 6 tur oynamışıq. Biz bu xal fərqini aradan qaldırmağa qadir komandayıq. “Bakı” ilə oyunda göstərdik ki, biz nəyə qadirik. Yaxşı heyətimiz və yaxşı məşqçimiz var. Amma çempion olmaq üçün üzərimizdə çox işləməliyik. Hələ Premyer Liqanın ağır oyunları qarşıdadır. 
 
- Səncə, bu qələbə azarkeşləri yenidən meydana qaytaracaq?
- Biz AZAL-la oyunda “Xəzər Lənkəran” azarkeşlərini meydana çağırırıq. Bizim onlara ehtiyacmız var. AZAL-la oyunda da qalib gəlib fanatları növbəti ev oyunumuzda daha çox görmək istəyirik. Möhtəşəm dəstəklərini gözləyirik.
 
- AZAL-la oyun haqqında fikirlərini bilmək istərdik. AZAL-ın 6 tur ərzində “Xəzər Lənkəran”dan daha yaxşı çıxış etdiyini nəzərə alsaq, bu oyundan nə gözləmək olar?
- Çətin oyun olacaq. Həmçinin AZAL-ın stadionunda oynamaq çətindir. Onlar süni meydanda daha yaxşı oynayırlar. Çünki öyrəşiblər orda oynamağa. Biz onlara qarşı daha yaxşı hazırlaşmalıyıq. Süni meydanda oynamaq bir az çətin olacaq. Amma təbii ki, biz həmişəki kimi qələbə üçün oynayacağıq.
 
Mənbə: Millifutbol.az

Xəbər xətti