Karlos Kardozo: "Həmin epizoda rəqib futbolçu ilə toqquşduqdan sonra özümdə deyildim"
"Neftçi"nin müdafiəçisi Karlos Kardoso klubun rəsmi saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir
- “Neftçi”yə gəldiyi gündən qısa müddətdə komandaya uyğunlaşdın və əsas heyətdə möhkəmlənməyi bacardın. Bir legioner üçün bu nə dərəcədə çətindir?
- Azərbaycana gəldiyim gündən anladım ki, bu mühitə uyğunlaşmağım çətin olmayacaq. Təbii ki, hər ölkənin öz adətləri var, amma peşəkar futbolçu üçün bu maneə olmamalıdır. Bura uyğunlaşmağımda komanda yoldaşlarımın da köməyi oldu. Təzə gələndə “Neftçi”də çıxış edən braziliyalı həmyerlilərimlə ünsiyyətdə olurdumsa, indi bütün komanda yoldaşlarımla dostlaşmışam. Komandamızda mehriban ab-hava var və belə olduqda uyğunlaşmaq asanlaşır.
- Müdafiəçi olsan da, bir sıra oyunlarda qol vurmaq bacarığını da nümayiş etdirmisən. Bəlkə də elə buna görə Kardoso tez bir zamanda azarkeşlərin sevgisini qazandı.
- Bir müdafiəçi kimi əsas vəzifəm rəqib hücumlarının qarşısını almaqdır. Amma hərdən hücumlara da qoşuluram və məncə pis də alınmır. İstəyirəm ki, komandamızın qələbə qazanması üçün əlimdən gələni edim. Kimin qol vurması o qədər önəmli deyil. Vacib olan sonda tabloda görünən nəticədir. Azarkeşlərə isə xüsusi təşəkkür düşür. Onların dəstəyini hər oyunda hiss edirik. Sevinirəm ki, qısa müddətdə onların sevgisini qazandım və bu münasibət qarşılıqlıdır.
- Superkubok uğrunda oyunda aldığın zədə nə dərəcədə ciddidir?
- Futbol mübarizəni sevir. Belə olan halda zədə almaq da bəzən qaçılmaz olur. Həmin epizoda rəqib futbolçu ilə toqquşduqdan sonra özümdə deyildim. Bəlkə də zədəm bir qədər də ciddi olsaydı futbol karyeramı bitirmək məcburiyyətində də qala bilərdim. Xəstəxanada tədricən özümə gəldim və başımın üzərində klub rəhbərliyini və həkimləri gördüm. Komandam ən çətin günümdə belə mənim yanımda oldu. Eyni zamanda Naxçıvanda mənə zəruri olan tibbi yardımın göstərilməsi Azərbaycanın ölkə olaraq inkişafının göstəricisidir. Hazırda müalicəmi davam etdirirəm və tez bir zamanda məşqlərə başlayacam. İndiki vəziyyətdə “Neftçi”də hər mövqedə böyük rəqabət var və mənim də əvəzimə meydana çıxan istənilən müdafiəçi ümidləri doğruldacaq gücdədi.
- Bir müdafiəçi kimi sənə hansı komandaların hücum xəttinə qarşı oynamaq daha çətindir?
- Məncə, Azərbaycan çempionatında çıxış edən hər bir komanda təhlükəli hücumlar təşkil etmək və qol vurmaq gücündədir. Hansısa komandanı fərqləndirmək istəməzdim. Hər bir rəqibə hörmətlə və ciddi yanaşmalısan ki, istədiyin nəticəni qazana biləsən. Bir komanda qol vurmaq üçün digəri səhvə yol verməlidir. Çalışmalıyıq ki, rəqibi səhv etməyə məcbur edək. Braziliya, Rumıniya və Rusiya yüksək liqalarında oynamış bir futbolçu kimi deyə bilərəm ki, Azərbaycan Premyer Liqasının səviyyəsi normaldır. Açığı bura gəlməmişdən əvvəl komandalar arasında belə bir rəqabətin olduğu ağlıma gəlməzdi. Çempionatda mübarizə aparan 4-5 klub rahatlıqla Rusiya və Rumıniya yüksək liqasında çıxış edə bilər.
- Çempoinluq yolunda əsas rəqiblər hansı komandalardır?
- Premyer Liqada iddialı klub çoxdur. Çempionluğun taleyini bir xal da həll edə bilər. Ona görə hər oyuna maksimum nəticə üçün çıxmalıyıq. “Neftçi” 3 dəfə ardıcıl ölkə çempionu olub və bütün rəqiblər bizə oyunlarda ikiqat güc sərf edir. Çempionluq heç kimə asan başa gəlmir. Gördüyünüz kimi, hər matçda güzəştsiz mübarizə gedir. Bizim hədəfimiz birinci yeri tutmaqdır və bunun öhdəsindən gələ biləcək gücdəyik.
saytlarin hazirlanmasi