Kaxaber Sxadadze: "Mən heç zaman hörmətsizlik etmərəm"

16:05 - 20 Fevral 2015

"Mənim haqqında deyilənlər həqiqətdən uzaqdır"
 
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze dünən keçirilən AZAL - İnter matçından sonra komandalar arasında baş vermiş dava-dalaşa münasibət bildirib.
 
Sporal.az xəbər verir ki, klub saytına açıqlama verən gürcü mütəxəssis günahı özündə görməyib. Baş məşqçi hadisə ilə bağlı bunları söyləyib:
 
"Oyundan sonra baş verənləri mənə qarşı xüsusi qarayaxma və məni hörmətdən salmağa yönəlmiş hərəkətləri kimi qiymətləndirirəm. Mən həmin legioner məşqçiyəm ki, 6 ildir Azərbaycanda  çalışıram və bu müddət ərzində nəticə vermişəm. Məni və uğurlarımı qaralamaq istəyirlər. Amma necə olursa olsun, “İnter” bu mövsüm qarşısında dayanmış hədəflərə çatacaq.
 
Cəzalı olduğum müddətdə komanda bir dəfə də məğlub olmadı və mənim haqqımda deyilənlər həqiqətdən uzaqdır. Çalışdığım ölkənin insanlarına qarşı heç zaman hörmətsizlik etməmişəm və bundan sonra da etmərəm. Oyundan sonra dəhlizdə baş verən hadisənin şahidlərindən biri də AZAL komandasının baş məşqçisi Tərlan Əhmədov idi və o, mənim sözlərimi təsdiqləyə bilər ki, oyundan sonra kiməsə qarşı hörmətsizliyə yol vermədim.
 
Bir daha təkrar edirəm, bütün bunlar mənə qarşı xüsusi qarayaxma və məni hörmətdən salmağa yönəlmiş hərəkətlərdir".

Xəbər xətti