Gəncə stadionunun qazonu dəyişdirildi

12:25 - 3 İyul 2015

İnkişafı ləngidən səbəblərdən biri...

 

Gəncə futbolunun mövcud vəziyyəti peşəkar klubla yanaşı, uşaq futbolunun durumuna da təsirsiz ötüşməyib.

 

Sportal.az xəbər verir ki, maddi-texniki bazanın zəifliyi uşaq futbolunun inkişafını ləngidən səbəblərdən biri olub.

 

İndi “Kəpəz” Peşəkar Futbol Klubunun qarşısında duran əsas vəzifələrdən biri uyğun şərait yaratmaqla, yerli uşaqların əlverişli şərtlər altında futbolla məşğul olmasını təmin etməkdir.

 

Artıq bu istiqamətdə işlərə start verilib. İlk olaraq Gəncə şəhər stadionunun ərazisində 10 il öncə AFFA tərəfindən salınan və illərlə yükləmədən dolayı sıradan çıxan kiçik ölçülü meydanın süni örtüklü qazonu dəyişdirilib. Futbol oynamağa imkan verməyən köhnə örtük müasir standartlara cavab verən qazonla əvəzlənib. Bu işlər Gəncə şəhər rəhbərliyinin AFFA ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilir. Son tamamlama işlərindən sonra gələn həftədən meydança komandaların istifadəsinə veriləcək.

 

Arenada görülən işlərlə bağlı icraçı direktor Mehman Allahverdiyev klubun mətbuat xidmətinə fikirlərini bölüşüb: “Belə meydançalar bizə çox lazımdır. Nəinki stadionda, şəhərin ayrı-ayrı yerlərində də çalışıb meydançalar salmalıyıq. Bunsuz futbolçu oynaya, məşqçi də işləyə bilməz. Bu AFFA tərəfindən Gəncədə salınan sayca beşinci meydançadır. Belə meydanlar uşaq futbolunun inkişafına təkan olacaq”.

 

Qeyd edək ki, yaxın gələcəkdə Gəncə şəhər stadionunun ərazisində əlavə olaraq müxtəlif ölçülü süni örtüklü bir neçə meydançanın salınması planlaşdırılıb.

 

"Kəpəz" PFK-nın mətbuat xidməti

Xəbər xətti