Şahin Diniyev: "Komanda başından yuxarı tullanmağa çalışır"

13:49 - 8 İyul 2015

"Oyunla yanaşı, nəticə qazanmaq da lazımdı"

 

“Toplanışda əsas diqqət fiziki hazırlığa yönəlib. Yoxlama oyunlarında bizə nəticə deyil, fiziki hazırlığı artırmaq önəmlidi”. 

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

Təcrübəli məşqçi təlim-məşq toplanışı çərçivəsində iyulun 7-də AZAL-la keçirilən oyunu da dəyərləndirib. O, 2:1 hesablı qələbənin oyunçulara stimul verdiyini bildirib:

 

“Həm “Sumqayıt”, həm də AZAL-la oyun günündə səhər məşq etmişdik. Bununla belə, komanda artıq rahat oynamağa başlayıb. Oyunla yanaşı, nəticə qazanmaq da lazımdı. Düzdü, belə matçlarda nəticə mənim üçün əsas deyil, sadəcə, futbolçularda qələbə ruhunu artırmaq baxımından qalib gəlmək lazım idi. Uşaqlar çətinlik çəkmədən görüşü qələbə ilə başa vurdular”.

 

Şahin Diniyev yetirmələrindən razılığını da dilə gətirib: “Bir oyunumuz qalıb, ona da gərgin məşq qrafiki ilə hazırlaşırıq. Səhər və axşam məşqləri davam edir. Əsas olan komandanın fiziki təməlidir. Futbolçulardan çox razıyam. Məşqlərə məsuliyyətlə yanaşırlar və çox yaxşı çalışırlar. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər. İkinci oyunda bir az yorğun göründülər. Bu da aydın məsələdi. Fiziki məşqlər təsirsiz ötüşmür. Heyət hələ tam formalaşmayıb. Komanda başından yuxarı tullanmağa çalışır”.

Xəbər xətti