"Bu, bizə çempionatda yaxşı kömək edəcək"
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev komandasının 10 günlük Bakı toplanışınını dəyərləndirib.
Sportal.az xəbər verir ki, Diniyev klubun mətbuat xidmətinə verdiyi açıqlamada futbolçularının əməyini yüksək qiymətləndirib:
“Təlim-məşq toplanışı boyunca uşaqlar vicdanla, məsuliyyətlə verilən bütün tapşırıqların öhdəsindən gəldilər. Maksimum şəkildə hazırlaşdıq. Fiziki işin təməlini qoyduq. Mənə elə gəlir ki, bu hazırlığımız çempionatda bizə yaxşı kömək edəcək".
Ş.Diniyev Azərbaycan Premyer Liqasında onları uzun marafon gözlədiyini deyib:
" Komandaya güc, fiziki hazırlıq çox lazımdır. Oyunçulara əzmlə, səylə çalışdıqlarına görə minnətdaram".
Diniyev keçirdikləri yoxlama oyunları barədə də fikirlərini bildirib: "Yoxlama oyunlarında nəticə önəmli olmasa da, komandada qalib ruhu yaratmaq üçün belə matçlarda qələbə qazanmaq vacib idi. Qələbə qazanmasaq belə futbolçulardan razı qalacaqdım. Gördüyümüz fiziki hazırlığı yüksək qiymətləndirirəm”.
saytlarin hazirlanmasi