"Kəpəz"in futbolçusu: "Azarkeşlər bizi diqqətdə saxlayacaqlar"

19:22 - 20 İyul 2015

"Biz gənclər onun rəhbərliyi altında çox şey öyrənəcəyik"

 

"Məşqlər çox yüksək səviyyədə keçir, hər şey əladı. Ərzurumda toplu məşqlərlə üstünlük verib, texniki və taktiki hazırlıq üzərində işləyirik"

 

Sportal.az xəbər verir ki, bu sözlər “Kəpəz”in gənc futbolçusu Tural Rzayevə məxsusdur. Komandanın Türkiyədəki təlim-məşq toplanışını klubun mətbuat xidmətinə dəyərləndirən hücumameyilli yarımmüdafiəçi Şahin Diniyevlə işləməyin onlar üçün fürsət olduğunu da deyib. Rzayev hazırlıq prosesində təcrübəli baş məşqçinin əməyini yüksək qiymətləndirib:

 

“Şahin müəllimlə işləmək əlbətdə ki, bizim xeyrimizədir. Bu, bizim üçün bir şansdır. Diniyev sözünü demiş məşqçidir. Fikrimcə, biz gənclər onun rəhbərliyi altında çox şey öyrənəcəyik. Məşqlərdə futbolçulara dəyərli məsləhətlər verir, yol göstərir”.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu “Kəpəz”ə Gəncədə təşkil olunan seleksiya toplanışından sonra düşüb. Tural 30-dan çox namizəd arasından seçilən üç oyunçudan biridir. Rzayev özünü Bakıda keçirilən yoxlama oyunlarında da yaxşı tərəfdən göstərməyi bacarıb. O, AZAL və 19 yaşlılardan ibarət Azərbaycan yığması ilə görüşlərdə qol vurub:

 

“Komandaya dəvət alan bütün gəncəli futbolçular kimi mənim üzərimə də daha çox iş düşür. Azarkeşlər bizi diqqətdə saxlayacaqlar. Gəncə doğma şəhərimizdi, çalışacağıq ki, şəhərimizin adına layiq futbol sərgiləyək. Bunun üçün var gücümüzlə çalışırıq”.

Xəbər xətti