50,000 avro cərimə
2015-16-cı il mövsümündə Azərbaycanı Avropa kuboklarında təmsil etmiş klublar UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarına əsasən monitorinqdən keçirilib.
Sportal.az xəbər verir ki, monitorinq UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı (Club Financial Control Body) tərəfindən aparılıb.
Müəyyən edilib ki, Bakının “İnter” klubu yuxarıda qeyd olunmuş qaydaların 66 və 66 bis saylı maddələrinin tələblərini yerinə yetirməyib və klubun əməkdaşlara vaxtı ötmüş borcları mövcuddur. Bunu nəzərə alaraq, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı dekabrın 10-da keçirilmiş iclasında aşağıdakı qərarları qəbul edib:
1. “İnter” növbəti 3 mövsüm ərzində (2016/17, 2017/18 və 2018/19) əldə etmiş idman nəticələrinə görə UEFA-nın klub yarışlarında iştirak etmək hüququ qazanarsa, 1 mövsüm ərzində bu hüquqdan məhrum olunur. Əgər klub 31 yanvar 2016-cı il tarixinədək yaranmış borcların ödənilməsini təsdiq edən sənədləri UEFA-ya təqdim edərsə, bu cəza qüvvədən düşür.
2. “İnter” 50,000 avro məbləğində cərimə olunur.
3. “İnter” bu işin aparılmasına sərf olunmuş 3,000 avro məbləğində vəsaiti ödəməlidir.
4. Qeyd olunmuş cərimə və xərclər qərar kluba göndərildikdən sonra 30 gün ərzində ödənməlidir.
5. Klub qərarla razı olmadığı halda, İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti ilə müraciət edə bilər.
Qeyd edək ki, məxfiliyi qorumaq məqsədilə klubun hansı futbolçulara borclu olduğu və borcun ümumi məbləği açıqlanmır.
saytlarin hazirlanmasi