"İnter"in prezidenti: "16 futbolçu ilə danışıqlar aparacağıq"

16:15 - 24 Dekabr 2015

"Qadağadan məlumatım yoxdu"

 

“Komandada elə bir böyük dəyişiklik olmayacaq. Mövsümün ortası olduğundan, hansısa dəyişikliyin baş verməsi gözlənilmir”.

 

Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yeni prezidenti Rəşad Qasımov deyib.

 

Klublar Komitəsinin bu gün keçirilən iclasına qatılan Qasımov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb, görüləcək işlərdən danışıb: “Uğur əldə etmişik. Çalışacağıq ki, iddialı hədəflərimizi saxlayaq. Müqaviləsi başa çatan 16 futbolçu ilə danışıqlar aparacağıq. Artıq bu gündən bu işə başlayacağımızdan dəqiq nə isə deyə bilmərəm. Rəhbərlik sistemində də nəyinsə dəyişəcəyi ilə bağlı heç nə deyə bilmərəm. Düzdü, bu kluba çoxdan bələdəm.  Amma yeni təyinat almışam. Bu üzdən hansısa qərar vermək üçün araşdırmalara ehtiyac var. Komanda ilə, məşqçilərlə və inzibatçılarla bağlı hər hansı qərar qəbul edildikdə ictimaiyyətə məlumat veriləcək. Baş məşqçimiz Zaur Svanadze ilə yollarımızı ayıracağımızla bağlı da heç bir qərar yoxdu. Bunu doğrudan deyirəm. Məsələni müzakirə etməliyik. Çalışacağıq ki, bundan sonra “İnter”də maliyyə problemi olmasın”.

 

Qış toplanışına gəlincə, klub rəhbəri “İnter”in təlim-məşq toplanışını Türkiyədə keçirəcəyinin hələ dəqiqləşmədiyini bildirib. Lakin bu məsələ gündəmdədi: “Əsas məqsədimiz bütün məsələləri ardıcıllıqla, mərhələ-mərhələ həll etməkdi. Sponsorluq müddətinə gəlincə, artıq klub bankın törəmə şirkətidi. UEFA-nın sanksiyası hələlik tətbiq olunmur, məlumat xarakterlidi. Hansısa qərar yanvarın sonunda qəbul olunacaq. Hələlik qərarın olub-olmayacağını söyləmək olmaz. Çalışırıq ki, klubun problemi olmasın. Georgi Nikolova təşəkkürümüzü bildirmişik. Ona cansağlığı və uğurlar arzulayırıq. Başqa problemimiz yoxdu. Onun ölkədən çıxıb-çıxmamağına qoyulan qadağadan məlumatım yoxdu”.

Xəbər xətti