"Uşaq futbolu başsızdı"
Ötən il Cahangir Hacıyevin Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasının “İnter" PİK-a mənfi müstəvidə təsiri hamıya məlumdur.
Sportal.az xəbər verir ki, maliyyə vəziyyəti kəskin şəkildə zəifləyən “İnter"in üzləşdiyi çətinliklər klubun uşaq futbol məktəbindən də yan keçmədi. Aylarla topsuz, formasız qalan uşaqlar və maaşlarını ala bilməyən uşaq futbolunda çalışan məşqçilər vəziyyətin tezliklə düzələcəyinə ümid edirdilər.
Fəxri prezidentin həbsindən və manatın 2-ci devalvasiyasından sonra onsuz da pis olan vəziyyət daha da ağırlaşdı. Hətta o yerə çatdı ki, uşaqlar valideynlərin ümidinə qaldılar. Onsuz da yeni rəhbərliyin gəlişinə kimi futbolçular məhz valideynlərin hesabına zəruri idman ləvazimatları ilə təmin olunur, yarışlara gedirdilər. Ötən ilin dekabrında kluba Rəşad Qasımovun prezident təyin olunmasından sonra gözləmək olardı ki, uşaq futboluna diqqət artırılacaq. Amma və lakin...
Təəssüf ki, vəziyyət yenə də acınacaqlı olaraq qalır. Uşaq futboluna cavabdeh olan Valentin Xodukinin göndərilməsindən sonra onun yeri boş qalıb. Başqa sözlə, uşaq futbolu başsızdır. Onsuz da, son bir neçə ildə bu sahəyə rəhbərlik edən Xodukin uşaq futboluna xeyir verəcək hansısa bir iş görməmişdi. Ayda boş yerə 3-4 min manat maaş alan ukraynalının gedişi yeni rəhbərliyin qəbul etdiyi doğru qərar idi. Xodukinin yerinə Elxan Məmmədovun sevimlisi Peter Neuştadterin gətiriləcəyi gündəmdədir. Amma onun da problemləri həll edəcəyinə, yaxud, etməyə cəhd göstərəcəyinə belə ümid yoxdur. Ötən ilin əvvəlində “Rəvan"dan qovulan alman indi “İnter"ə calaq olunur.
Qısası, ölkənin ən güclü uşaq futbol məktəblərindən birinə sahib olan “İnter"dəki qeyri-müəyyənliyin ağır fəsadları yavaş-yavaş üzə çıxmaqdadır. Məsələ burasındadır ki, klubun bir neçə yaş qrupu üzrə məşqçilərinə başqa klublardan təkliflər var. Yaxın vaxtlarda onlara yaradılan iş şəraiti yaxşılaşmasa, məvaciblər artırılmasa, bəzi məşqçilərin klubu “İnter”i edəcəyi şübhəsizdir. Artıq ilk həyəcan təbili çalınıb. Aşağı yaş qruplarından birinin məşqçisinin başqa klublan təklif alması vəziyyəti daha da gərginləşdirib. Məşqçinin, komandanın və təklif verən klubun adlarını bilərəkdən açıqlamırıq. Çünki, bu halda əlavə problemlər ortaya çıxa bilər. Əslində, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Klubdan ayrılmaq ehtimalı olan müəllim başqa məşqçi ilə əvəzlənə bilər və problem həllini tapar. Söhbət ondan gedir ki, həmin yaş qrupu komandanın futbolçularının valideynləri məşqçinin başqa kluba keçəcəyi təqdirdə "İnter"dən imtina edərək övladlarını onun yanına aparacaqlarını deyirlər. Validyenlər artıq bu barədə həm məşqçiyə, həm də qarşı tərəfə fikirlərini bildiriblər. Dekabrda bir neçə uşağın müqaviləsinin müddəti başa çatdığından onların “İnter”i tərk edəcəyinidə hansısa problem görünmür. Müqaviləsinin müddəti başa çatmayanlar isə onu pozmaq hüququna malikdirlər. Çünki klub müqavilədə göstərilən və üzərinə düşən heç bir öhdəliyi, o cümlədən, futbolçuların forma ilə təmin olunmasını, yarışlara aparılmasını, tibbi baxışdan keçirilməsini və s. yerinə yetirməyib. Bundan başqa həm məşqçilər, həm də valideynlər yeni prezident Rəşad Qasımovdan onların problemləri ilə bir dəfə də olsun maraqlanmamasından narazıdırlar. Valideynlər son olaraq Rəşad müəllimlə görüşməyi planlaşdırırlar. Əgər onların tələbləri yerinə yetirilməsə, kütləvi ayrılmanın gerçəkləşəcəyi dəqiqdir. Bu halın başqa yaş qruplarında da təkrarlanacağı ehtimalı böyükdür.
Azər Tağıyev
"Het-trik news" qəzeti
saytlarin hazirlanmasi