Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə “Neftçi”yə qalib gələn (2:1) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:
- Çətin oyun oldu. Bilirdik ki, “Neftçi” böyük hesablı məğlubiyyətdən sonra var qüvvəsiylə mübarizə aparacaq. Oyuna yaxşı başladıq. Ancaq sonradan nə isə alınmadı. Qoldan sonra özümüzə gəldik. Son dəqiqələrdə yaxşı təsir bağışladıq. “Neftçi” çox yaxşı komandadı. "Qəbələ”yə 0:8 hesablı məğlubiyyəti təsadüf idi. Onlara gələn oyunlarda uğurlar arzulayıram.
- “Neftçi” fərqlənənə qədər sanki “İnter” yatmışdı...
- Bununla razıyam. İlk hissədə də yaxşı oynamadıq. Fasilədə də futbolçulara təlimatlarımı verdim.
- Sizə elə gəlmir ki, komanda “Neftçi”nin 0:8 hesablı məğlubiyyətinə görə oyuna rahat çıxmışdı?
- “Neftçi” və “Qəbələ” arasındakı oyunu analiz etməmişdik. Düşünmürəm ki, bu oyunun futbolçulara təsiri olsun.
- Ruslan Abışov və Nizami Hacıyev oyuna sonradan qoşuldu. Onlar hələ tam hazır deyil?
- Bəli, onlar hələ də, zədədən sonra tam hazır deyillər. İlkin Qırtımov oyundan öncə ayağında ağrı olduğunu dedi. Buna görə, onu da ehtiyatda saxladım.
- Penalti epizodu barədə nə deyə bilərsiz?
- Bu epizoda baxmadan heç nə deyə bilmərəm.
- Pərdis oyuna qoşulduqdan sonra “İnter”in oyununda canlanma oldu. Onu gələn oyunlarda əsas heyətdə meydana buraxa bilərsiz?
- Bu, oyunun gedişatından asılıdı. İstənilən addımı atmaq olar.
- “Neftçi”nin yaxşı komanda olduğunu dediz. Ancaq bu komanda son 4 oyunda 15 qol buraxıb. Bu komandanın hansı keyfiyyəti sizi razı salır?
- Bu komandanın yaxşı futbolçuları var.
- İlk turda “Qarabağ”la oyunda da hesabda geri düşdükdən sonra Pərdis Fərcad Azadı meydana buraxmışdız. Bu, həmin oyunda da komandaya xeyir vermişdi. Demək olar ki, ona xilaskar gözüylə baxırsız?
- Düz deyirsiz. O, son oyunlarda komandaya xeyir verən qollara imza atıb.
- Rauf Əliyev uzun müddətdi qol vura bilmirdi. Qələbəyə daha çox sevindiz yoxsa Raufun qol vurmasına?
- Bilirdik ki, Raufun son vaxtlar oyunu alınmır. Ancaq biz ona dəstək olduq. Bunun da nəticəsini bu gün gördük. İnanıram ki, o, bu oyununu davam etdirəcək.