"Fənərbaxça" "Mançester Yunayted"lə matça ciddi itkilərlə çıxacaq

19:10 - 18 Oktyabr 2016

Avropa Liqası qrup mərhələsinin 3-cü turunda səfərdə "Mançester Yunayted"in qonağı olacaq "Fənərbaxça"da zədəli futbolçuların çox olması diqqəti çəkir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı futbolçularından olan Cermen Lens bu vacib qarşılaşmada forma geyə bilməyəcək. Avroliqada "Feyenoord"la matçda (1:0) zədələnən futbolçu hələ də komanda ilə məşqlərdə iştirak edə bilmir. Onun İngiltərədəki mücadilədə iştirak etməyəcəyi dəqiqdir.

 

Bundan başqa zədəsi olan Fernandao, Ozan Tufan, Salih Uçan da "qırmızı şeytanlar"a qarşı matçda oynaya bilməyəcək. Digər zədəli olan hücumçu Musa Sovu bu vacib oyuna yetişdirmək üçün klubun tibbi personalı çalışmaları davam etdirir. Seneqallı forvardın oynayıb-oynamayacağı sabah keçiriləcək son məşqdən sonra məlum olacaq.

 

Qeyd edək ki, "Mançester Yunayted" - "Fənərbaxça" görüşü 20 oktyabr, Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

Xəbər xətti