"Deməzdim ki, asan qələbə oldu. Ardıcıl 3 heç-heçədən sonra qələbə qazanmaq komandaya çox lazım idi. Bilirdik ki, əsas rəqiblərimizdən olan "Qarabağ” və "Qəbələ” də qələbə qazanıb. Onlardan geri qalmamaq üçün "Sumqayıt”la matçda qələbə qazanmalı idik. Düzdü, oyuna yaxşı başlamadıq, erkən qol buraxdıq. Ancaq əsas olan nəticədi ki, bunu da əldə edə bildik".
Sportal.az xəbər verir ki, bu sözlər "İnter”in və millimizin futbolçusu Ruslan Abışova məxsusdu.
"İnter” Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran Abışov erkən qol buraxmalarını şərh edib:
"Məncə, ani diqqətsizlik oldu. Çünki qolu standart vəziyyətdən buraxdıq. Yaxşı ki, qapımızda qol gördükdən sonra erkən toparlandıq. Sona qədər mübarizə aparmalıyıq. Təkcə "Qəbələ” və "Qarabağ” yox, "Kəpəz”lə "Zirə”də bizim üçün əsas rəqiblərdən biridi. Çempionluq üçün sona qədər mübarizə aparacağıq”.
Abışov qeyd edib ki, oyun zamanı müəyyən səhvlər ediblər:
"Müəyyən səhvlərimiz var idi. Xüsusən də, son nöqtəni qoymaqda tələsirdik. Ümid edirəm ki, "Neftçi” ilə oyunda belə səhvlər buraxmarıq”.
Ruslan Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi”yə qarşı baş tutacaq matçları haqda danışıb:
"Deməzdim ki, "Neftçi”nin hazırkı durumu bizim işimizə yarayacaq. Çünki "Neftçi”də qələbə qazanmaq istəyir və bizə qarşı xüsusi motivasiyada olacaqlar. Onlar "İnter”lə oyuna dönüş matçı kimi baxırlar. İndi çempionatda asan oyun yoxdu, autsayderlərlə oyunlar da çətin olur. Əsas olan odu ki, biz öz oyunumuzu oynayaq”.
Millimizin futbolçusu "İnter”də baş verən rəhbər dəyişikliyi haqda danışıb:
"Biz istəməzdik ki, Rəşad müəllim komandadan ayrılsın. Çünki o, həmişə bizim yanımızda idi, həmişə bizə dəstək olurdu. Rəşad müəllim yenə də bizim yanımızdadı, bütün oyunlarımıza gələcək və bizə dəstək olacaq”.
saytlarin hazirlanmasi