Sneyder: "Kadıköy"ə qalib gəlmək üçün gedəcəyik"

17:42 - 18 Noyabr 2016

"Qalatasaray"ın hollandiyalı futbolçusu Uesli Sneyder "Fənərbaxça"yla oynayacaqları matç öncəsi mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi derbidə bərabərliyi düşünmədiklərini, hədəflərinin qələbə qazanmaq olduğunu bildirib. O, bu derbinin çox vacib olduğunu qeyd edib:

 

"Bazar günü vacib bir matç bizi gözləyir. Nə qədər önəmli olduğunu bilirik. İnamımız yüksək səviyyədədi və oyuna hazırıq. Mövsüm başlayandan çox yaxşı çalışırıq. Milli komandalardan dönüşdən sonra bir az çətin olur. Bəzi komanda yoldaşlarımız gec qayıtdılar. İndi bütün komandayla bir yerdəyik. Gözəl çalışırıq".

 

Sneyder özünün qol vurmağının deyil, komandasının qələbə qazanmağının vacib olduğunu deyib:

 

"Mənim üçün qol vurmaq vacib deyil. Əsas olan komandamızın qalib gəlməsidi. Qol vurmaq bu qədər vacib olsaydı, hər dəfə qapını düşünərdim. Hər zaman daha uyğun bir vəziyyətdə olan komanda yoldaşlarıma ötürmə verməyi düşünürəm. Qol üçün narahat deyiləm. Bütün çalışmalarım qələbə üçündü".

 

"Fənərbaxça" səfərində heç-heçə barədə düşünmədiyini söyləyən ulduz futbolçu "Üçüncü "Kadıköy" səfərim olacaq. Matça yaxşı hazırlaşmışıq. Heç cürə bərabərliyi qəbul etmirəm. Karyeram ərzində belə düşüncəm olmayıb. Bazar günü qalib gəlmək üçün gedəcəyik və qələbə ilə dönəcəyik" deyərək fikirlərini yekunlaşdırıb.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 20 noyabr tarixində baş tutacaq.

Xəbər xətti