Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə “Qarabağ”la qolsuz bərabərə qalan “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:
- Bir xal qazandıq. Komandanın oyunundan razı qaldım. Nəzərə alsaq ki, heyətimizdə itkilər var idi, heç-heçə də yaxşı nəticədi. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə bir qədər bəxtimiz də gətirdi. Uşaqlar sağ olsunlar, yaxşı oynadılar.
- Orxan Sadıqlının oyunundan razı qaldız?
- Əlbəttə, razı qaldım. Bütün oyunu sakit tərzdə keçirdi. Bir neçə epizodda komandanı qoldan xilas etdi. Ümumilikdə razı qaldım.
- Komandanın çempionatın ilk yarısındakı nəticəsi sizi razı saldı?
- İlk yarını normal qiymətləndirmək olar. Bu ili “İnter” üçün məhsuldar il kimi dəyərləndirərdim. Məncə, normaldı.
- Bu heyət çempionatı yüksək pillələrdə başa vurmağa kifayət edəcək? Nəzərə alaq ki, kluba transfer qadağası şamil olunur.
- Bu heyətlə 3-cü yer uğrunda mübarizə aparmaq olar. Transfer qadağası var, yeni oyunçu cəlb edə bilməyəcəyik. Bu qadağa oyunçulara daha çox oynamağa imkan verir. Fikrimcə, bu kollektiv 3-cü yer uğrunda mübarizə üçün kifayət edər.
- Qış təlim-məşq toplanışını harda keçirəcəyinizi müəyyənləşdirmisiz?
- Bu barədə hələ heç nə dəqiq deyil.
- Siz yeni transfer edə bilməsəz də, rəqibləriniz yeni oyunçularla güclənə bilərlər...
- Bunu bilirəm. Ancaq edəcək heç nə yoxdu.
- Yeni transferlərin olmaması futbolçularda özündənrazılıq yaratmayacaq ki?
- Onlar bunu əvvəlcədən bilirdilər. Futbolçularımın peşəkarlığına inanıram. İnanıram ki, bu onlara təsir etməyəcək. (Komanda.az)
saytlarin hazirlanmasi