"Qarabağ" kimi komanda ilə səfərdə heç-heçə etmək bizim üçün qələbəyə bərabərdir. Əsas odur ki, səfərdən xalla döndük. İlk dövrədəki görüşdə qalib gəldiyimiz komandadan bu gün 1 xal almağımız yaxşı nəticədir".
Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "İnter"in futbolçusu Rauf Əliyev "Qarabağ"la Azərbaycan Premyer Liqasının XIV tur qarşılaşmasını dəyərləndirərkən deyib.
27 yaşlı hücumçu müdafiə futbolu sərgiləmələrinin səbəbini belə izah edib:
"Taktikamız elədir ki, oyunumuzu 90 faiz müdafiədən qururuq. 5 müdafiəçi ilə çıxış edirik. Arxadan oyunumuzu qurub əks-hücumlara atılırıq. Xüsusən, "Qarabağ"la görüşdə də belə olacağı məlum məsələ idi".
Əliyev ilk yarıda yerdə qalarkən həkim meydana daxil olduqda yenidən zədə alacağından çox qorxduğunu etiraf edib:
"Həmin vaxt oyunun əvvəlləri idi. Zədə üzündən matçı 82-ci dəqiqədə əvəzlənənədək ağrılarla keçirdim. Ola bilsin, kənardan bu, hiss edilmirdi. Amma özüm qaçanda hiss edirdim ki, ağrılarım var. Sanki tam gücümü qoya bilmirdim".
Təcrübəli forvard hava şəraitinin təsirinə də toxunub. Onun fikrincə, meydanın durumu oynamağa imkan verirdi:
"Qar yağsa da, top hərəkət edirdi. Hər iki komanda üçün eyni şərait idi".
Epizodların birində Əliyev oyunda ikinci sarı vərəqəni alaraq, meydandan qovulma təhlükəsi ilə üzləşib. Həmin vaxt rəqibinə qarşı kobudluq etməsinə baxmayaraq, baş hakim Fariz Yusifov onu bağışlayıb. Bununla bağlı danışan futbolçu hərdən özündən asılı olmayan hərəkətlərə yol verdiyini etiraf edib:
"Vurandan sonra yadıma düşdü ki, artıq bir sarı vərəqəm var. Yaxşı ki, referi mənə ikinci sarı vərəqəni göstərmədi".
Qarşıda "İnter"i "Kəpəz"lə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü gözləyir. Hücumçu dekabrın 21-də Gəncədə keçiriləcək qarşılaşmanın çətin olacağını bildirib:
"İli yaxşı nəticə ilə başa vurmaq üçün "Kəpəz"i də üstələmək lazımdır. İlk görüşdə 2:0 hesabı ilə qalib gəlmişik. Amma hamı bilir ki, Gəncədə oynamaq çox çətindir. Belə hava olsa, bilirəm ki, orada futboldan çox güləş gedəcək. Ona görə də bizi çox çətin səfər gözləyir. Futbolçu heç vaxt rahat danışmamalıdır. Çünki belə açıqlamalar həmişə problem yaradır. Biz də rahat deyilik. Çünki səfər oyunu, gəncəli azarkeşlər və meydan amili bizə çətinlik törədəcək. Oyunun əvvəlində bir qol buraxsaq, ümumiyyətlə, çətin olacaq. Ona görə də heç bir rahatlığımız yoxdur. İlk oyuna necə hazırlaşmışdıqsa, cavab matçına da o cür yanaşacağıq".
saytlarin hazirlanmasi