Məşhur agentdən erməni futbolçu haqda şok iddia: "Saxtakarlıq edir"

16:51 - 18 Dekabr 2016

Yaya Ture və Lasina Traore kimi futbolçuların agenti olan Dmitri Seluk Rusiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, məşhur futbol adamı “Beşiktaş”ın və Ermənistan millisinin futbolçusu Aras Özbiliz haqda danışıb. Seluk 26 yaşlı futbolçunu oynamamaq üçün zədələnməyi bəhanə etdiyini bildirib:

 

“Aras “Ayaks”da çıxış edəndə çox istedadlı idi. “Kuban”a 1 milyona, daha sonra isə Moskva “Spartak”ına 8 milyon avroya transfer olundu. Ancaq həmin vaxt futboldan soyudu, oynamaq istəmirdi. O, klubundan qaçmaq istəyirdi. Belə bir insanlar həyatda heç bir uğur əldə edə bilməzlər. İndi “Beşiktaş”da da eyni durumdadır. Nə vaxt maraqlansan, zədəlidir… Oynamamaq üçün zədələndiyini bəhanə edir, saxtakarlığa yol verir”.

 

Dmitri Seluk Aras Özbilizin “Spartak”a transferi ilə bağlı məhkəmədə işin davam etdiyini sözlərinə əlavə edib:

 

“Uzun müddətdir ki, bu məsələ davam edir. “Kuban” Moskva təmsilçisindən pul oğurlamaq niyyətində idi. Özbilizi 8 milyona satdılar, amma federasiyaya görə, transfer 2 milyona  başa gəlib. “Kuban” 6 milyon avronu cibinə qoydu. Müqavilyə əsasən, 8 milyon avronun yarısı mənim şirkətimin hesabına köçməli idi. Haqqımızı almaq üçün sona qədər çalışacağıq”.

 

Qeyd edək ki, “Beşiktaş” Aras Özbilizi 1,3 milyon avroya transfer etmişdi.

Xəbər xətti